Avqustun 15-dən etibarən Bakı metropolitenində "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılması paytaxtda nəqliyyat yükünün artması ilə bağlı suallar yaradıb.
NOCOMMENT.az xəbər verir ki, xüsusilə yeni tədris ilinin başlanması ilə məktəb və ali təhsil müəssisələrində səhər saatlarında sərnişin sıxlığının əhəmiyyətli dərəcədə artacağı müzakirə mövzusu olub.
Hazırda əsas suallardan biri də budur: Metroda yaranacaq yükü azaltmaq üçün Bakıda məktəb və ali təhsil müəssisələrində dərslərin başlanma saatlarının mərhələli şəkildə müəyyənləşdirilməsi məsələsi müzakirə olunur? Belə bir qərarın qəbul edilməsi gözlənilir və bununla bağlı aidiyyəti qurumlar arasında müzakirələr aparılır?
Elm və Təhsil Nazirliyindən (ETN) bildirilib ki, qeyd edilən məsələ ilə bağlı hazırda müzakirə aparılmır.
Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin məlumatına görə, xətlərin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" - "Nizami" mənzilini birləşdirəcək yeni tunelin tikintisi aparılır. İşlərin 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bu müddətdə sərnişinlər "Nizami" və "28 May" stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə etməli olacaqlar./oxu.az/











