Bakı selə nə qədər HAZIRDIR? – Keçmişdən dərs çıxardıqmı? 

Bakı selə nə qədər HAZIRDIR? – Keçmişdən dərs çıxardıqmı? 

Ötən illərdə paytaxtımızda körpülər, tunellərlə bağlı faciəvi hadisələrin olmağı, yəqin ki, hər birimizin xatirindədir. Sel, su basması, ekstremal hava şəraiti bəzən insan itkisi ilə nəticələnir.

Körpü tikmək yalnız ilkin addımdır; əsas məsələ onun uzunmüddətli istismarı, müntəzəm baxımı və təhlükəsizliyinin təmin edilməsidir. Qış mövsümünün yaxınlaşması ilə bir azdan yenidən soyuq hava kütlələri, qar və yağış başlayacaq. Bu su basmaları yalnız insan itkisinə səbəb olmur, həm də  tunellərin və körpü dayaqlarının strukturuna ciddi ziyan vurur.

Azərbaycan Respublikasının qanunvericiliyi həm “Avtomobil yolları haqqında”, həm də “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanunlarla bu obyektlərin layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması və texniki nəzarətini tənzimləyir. Qanunlarda “istismarçı/mülkiyyətçi” anlayışı xüsusi önəm daşıyır: körpü və yol infrastrukturu onun balansında saxlayan qurum tərəfindən idarə olunmalı, müntəzəm texniki baxım və risk monitorinqi təmin edilməlidir. Beləliklə, hüquqi çərçivə tikinti, istifadəyə qəbul, davamlı istismar, təhlükəsizlik və nəzarət mərhələlərinin hamısını əhatə edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Eldəniz Cəfərov bildirib ki, körpü yalnız beton‑polad konstruksiyasından ibarət obyekt deyil, o, həm də “yaşayan obyekt”dir:

“Yağış, qar, dəniz suyu, sel və torpaq eroziyası kimi amillər körpünün strukturuna, drenajına və suötürücü sistemlərinə birbaşa təsir göstərir. Tikintidən sonra da illik və fəsil əsaslı texniki baxım, tunellərin və estakadaların vəziyyətinin monitorinqi vacibdir. Lakin Azərbaycanda bu yanaşma kağız üzərində mövcuddur; praktikada maliyyə, ixtisaslı kadrlar və texniki vasitələr çatışmır, buna görə müntəzəm yoxlamalar və preventiv tədbirlər kifayət qədər həyata keçirilmir. Xüsusilə su mühiti və dəniz sahili olan obyektlərdə “hidrotexniki təhlükəsizlik” konsepsiyası hələ praktik olaraq tətbiq edilmir”.

Ekspert onu da əlavə edir ki, təmir yalnız tikinti sonrası bir dəfəlik əməliyyat deyil, istismar ömrü boyunca daimi nəzarət və preventiv tədbirlər tələb olunur:

“Bu, sadəcə texniki məsələ deyil, həm də insan təhlükəsizliyi və ictimai infrastrukturun dayanıqlılığına birbaşa təsir göstərir.”

Məsələnin hüquqi tərəfinə gəldikdə isə, tanınmış hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, əgər körpüdə texniki nasazlıq, baxımsızlıq və ya su basması nəticəsində insan itkisi və ya mal‑mülk zərəri baş verirsə, qanunvericiliyə görə obyektin istismarçı-mülkiyyətçisi məsuliyyət daşıyır:

“Azərbaycanda bu səlahiyyət adətən Dövlət Avtomobil Yolları Agentliyinə (AAY) verilmişdir. Əgər körpü normativlərə uyğun layihələndirilməyibsə və ya tikinti və istismar zamanı texniki tələblər pozulubsa, həm cinayət, həm də inzibati məsuliyyət yaranır.

Zərərçəkmişlər məhkəmə yolu ilə kompensasiya tələb edə bilər.

Qeyd edirəm ki, məsuliyyət yalnız tikinti şirkətinə aid edilə bilməz; istismar, baxım və monitorinq mərhələləri də əsas rol oynayır və adətən dövlət orqanlarının üzərinə düşür.”

Saytımıza danışan tikinti sahəsi üzrə mütəxəssis İlqar Mehdiyev bildirib ki, su basmalarının qarşısını almaq üçün körpü altlarının drenaj sistemlərinin yenilənməsi, suötürücü kanalların təmizlənməsi və riskli ərazilərin real vaxtda monitorinqi vacibdir:

“Lakin resurs çatışmazlığı, planlaşdırmada ciddi gecikmələr və texniki kadr çatışmazlığı səbəbindən bu tədbirlər hələ geniş şəkildə həyata keçirilmir. Körpü tikintisi yalnız ilkin mərhələdir, əsas məsuliyyət onun istismarı, təhlükəsizliyi və daimi baxımıdır. İstismarçı, adətən dövlət yol agentliyi texniki yoxlamalar, risk monitorinqi və preventiv tədbirləri təmin etməlidir”.

Məsələ ilə bağlı adıçəkilən qurumlara sorğu göndərdik. Qurumlardan bildirildi ki, hazırda qış mövsümünə hazırlıqlar davam edir və yaxın günlərdə ictimaiyyətə görülən işlərlə bağlı ətraflı məlumatlar veriləcək.