Hazırda “Bakmil” stansiyası fəaliyyətini bərpa edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, qatarlararası intervallar qrafikə uyğundur, metro 34 cüt qatarla fəaliyyət göstərir.
“Fasilədən sonra qrafikin tam düzəlməsi üçün bəzi stansiyalarda qısa gözləmələr ola bilər”, – məlumatda deyilir.
Bu gün səhər saatlarında metro qatarlarında gecikmə qeydə alınıb.
Qatarlar yeddi dəqiqədən çox gecikmə ilə gəliblər.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən cavab olaraq bildirilib ki, “Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən “qırmızı” və “yaşıl” xətlərdə qatarların hərəkət intervalında gecikmələr yaranıb, həmçinin “Bakmil” stansiyasının fəaliyyəti məhdudlaşdırılıb.
“Texniki xidmətlərimiz müvafiq enerji təminatının bərpası üçün operativ şəkildə iş aparılıb. Artıq “Nərimanov” elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi başlanıb.
Baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur. Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq.
Sərnişinlərdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik”, – deyə məlumatda bildirilir.












