Məlumat verildiyi kimi “Delivery Azerbaijan” MMC tərəfindən Dövlət Xidmətinə “Bolt Services AZ” MMC-nin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verməsi ilə bağlı aidiyyatı dövlət qurumunda müraciətə baxılıb.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yaymışdı.
Məlumatda bildirilirdi ki, şikayətlərlə bağlı müvafiq araşdırma aparılıb və “Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması zamanı “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrüfat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozduğu müəyyən edilib.
“Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ” MMC-yə icrası məcbur olan göstəriş verilib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq olunub”, – deyə məlumatda əks olunub.
Sözügedən məsələ ilə əlaqədar “Bolt Srvices AZ” MMC-dən NOCOMMENT.az-a qurumun Mətbuat Ofisinin rəhbəri Alesya Stokovskaya bildirib ki; “Bolt öz hərəkətlərinin qanuniliyinə və şirkətin reputasiyasına əhəmiyyət verən beynəlxalq şirkətdir. Bolt 45-dən çox fərqli yurisdiksiyada fəaliyyət göstərir, bəziləri ciddi şəkildə tənzimlənir, digərləri isə tənzimləmə üzərində işləyir. Rəqabətimizi rəqabətədavamlı saxlamaq və müştərilərimizə xidmət göstərmək üçün hər bir regionda tənzimləyicilərlə işləməkdən məmnunuq. İstifadəçilərimizə mümkün olan ən yaxşı xidməti təqdim etmək və Bolt xidmətlərinin göstərildiyi bölgələrin qüvvədə olan qanunları çərçivəsində bizim üçün çox vacibdir. Bundan əlavə, biz həmişə bazarda sağlam rəqabətə açığıq”!
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində müraciətlərin araşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir.












