Bu həyat tərzini seçsəniz, azı 90 il yaşayacaqsınız…

Bu həyat tərzini seçsəniz, azı 90 il yaşayacaqsınız…

Avropanın park və xiyabanlarında qaçan, velosiped sürən və ya sadəcə sürətli templə gəzən yaşlı insanları görmək artıq bir həyat normasına çevrilib. Təəssüf ki, bizim cəmiyyətdə yaş ötdükcə insanların evə qapanması, hərəkətsiz həyat tərzinə üstünlük verməsi hələ də dominantlıq təşkil edir.

Halbuki, açıq havada fiziki aktivlik sadəcə bədəni gümrah saxlamaq deyil, həm də ömrü uzadan ən effektiv “təbii dərman” hesab olunur. Mütəxəssislər sübut edirlər ki, aktiv həyat tərzini seçən və günün müəyyən hissəsini açıq havada idmanla keçirən şəxslərin 90 illik yubileylərini qeyd etmək şansı digərlərindən qat-qat yüksəkdir. Hərəkətsizlik yaşlılıqda əzələ itkisinə, sümük əriməsinə və xroniki xəstəliklərin kəskinləşməsinə yol açan əsas amildir.

Mövzu ilə bağlı terapevt-pediatr Dr. Vaqif Məmmədov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, açıq havada idman etmək yaşlı orqanizm üçün bənzərsiz bir bioloji stimulyatordur:

“Avropa təcrübəsi göstərir ki, yaşın 70-i, 80-i keçməsi idmandan imtina üçün səbəb deyil, əksinə ona daha çox ehtiyac duyulan bir dövrdür. Açıq havada, oksigenlə zəngin mühitdə edilən gəzinti və ya yüngül gimnastika ürək-damar sisteminin işini tənzimləyir, qan dövranını yaxşılaşdırır və beynin oksigenlə təminatını artıraraq Altsheymer kimi qocalıq xəstəliklərinin qarşısını alır”.

Onun sözlərinə görə, bu həyat tərzini seçənlər üçün uzunömürlülük bir xəyal deyil, real nəticədir:

“Əgər siz hər gün ən azı 30-40 dəqiqə açıq havada aktiv hərəkət etsəniz, azı 90 il yaşamaq şansınızı ciddi şəkildə artırmış olursunuz. Günəş şüaları vasitəsilə alınan D vitamini sümükləri möhkəmləndirir, təmiz hava isə immuniteti elə bir səviyyəyə qaldırır ki, orqanizm daxili xərçəng hüceyrələri və viruslarla daha effektiv mübarizə aparır. Bizim yaşlıların ‘ayağım ağrıyır, otursam yaxşıdır’ fəlsəfəsi əslində onları daha tez qocaldır”.

O, qeyd edib ki, idmana başlamaq üçün heç vaxt gec deyil və bu, hər kəsin öz əlindədir:

“Mən hər bir yaşlı vətəndaşımıza müraciət edirəm: evdən çıxın, parklara gedin. Sadə bir ‘skandinav gəzintisi’ və ya səhər idmanı sizin bioloji yaşınızı 10-15 il geriyə ata bilər. Unutmayın ki, hərəkət həyatdır, hərəkətsizlik isə vaxtından əvvəl qocalmaqdır. Bu gün atdığınız hər bir addım sizin 90 və daha yuxarı yaşlarda gümrah şəkildə nəvələrinizlə vaxt keçirməyinizə verilən bir investisiyadır”.

Tunar
NOCOMMENT.az