Putin bunları ilk dəfə açıqladı: "Zelenski məndən görüş xahiş etdi"

Putin bunları ilk dəfə açıqladı: "Zelenski məndən görüş xahiş etdi"

Rusiya Prezidenti Vladimir Putin son dövrlərdə rəsmi Moskva ilə Kiyev arasında pərdəarxası təmasların mövcud olduğunu təsdiqləyən şok bəyanatla çıxış edib. Rusiya lideri rusiyalı iş adamlarından birinin bu yaxınlarda Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə gizli şəkildə görüşdüyünü açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Putin həmin görüşün detallarını və Zelenskinin ona çatdırılan gizli mesajını ictimaiyyətə elan edib:

"Təxminən üç həftə əvvəl Rusiya biznes dairələrinin nümayəndələrindən biri mənə zəng edərək Kiyevə dəvət olunduğunu bildirdi. Mən ona mane olmadım. O, Kiyevə, Zelenskinin iqamətgahına getdi və onunla görüşüb geri qayıtdı. Mən həmin iş adamı ilə görüşdüm. Bütün ikinci dərəcəli məsələləri kənara qoysaq, ən əsası budur ki, cənab Zelenski məndən görüş xahiş edib".

Rusiya Prezidenti heç vaxt görüşlərdən imtina etmədiyini, lakin sadəcə "boş-boş danışmaq" xatirinə masa arxasına əyləşməyəcəyini vurğulayıb. O, Minsk razılaşmalarını xatırladaraq Qərbin və Ukraynanın Rusiyanı aldatdığını iddia edib:

"Biz Minsk sazişləri üzərində bütün gecəni çalışdıq. Sonradan isə Almaniya və Fransanın birinci şəxslərinin dili ilə bizə bəyan olundu ki, bu, sadəcə boş bir hekayə imiş. Bütün Minsk sazişlərinin tək bir məqsədi var imiş – Ukraynanı yenidən silahlandırmaq üçün vaxt qazanmaq. Bizə belə razılaşmalar nəyə görə lazımdır?".

Putin hazırkı şəraitdə Kiyevlə görüşün Rusiya üçün heç bir məna kəsb etmədiyini bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfi bu danışıqları yalnız Rusiya Silahlı Qüvvələrinin hücumunu dayandırmaq üçün istəyir:

"Görüşməyin mənası yalnız Ukrayna tərəfi üçün bizim silahlı qüvvələrimizin hücumunu dayandırmaqdır. Vəssalam. Bizə isə razılaşmalar lazımdır. 3 aylıq, yaxud yarım illik yox, uzunmüddətli tarixi perspektivə əsaslanan ciddi razılaşmalar".

Sara,

NOCOMMENT.az