Bu kanal Rəsulzadə haqda filmi yayımlamaqdan imtina edib

Bu kanal Rəsulzadə haqda filmi yayımlamaqdan imtina edib

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138 illiyi ilə bağlı “Caspian Media Holding” tərəfindən hazırlanan və AzTV-də nümayiş etdirilməsi nəzərdə tutulan sənədli film dövlət televiziyasında yayınlanmayacaq.

NOCOMMENT.az xəbər verir ki, Rəsulzadə haqqında çəkilən sənədli filmin AzTV-də yayımlanmayacağını “Caspian Media Holding”in yaradıcısı, layihənin müəllifi Hüseyn Cavadzadə deyib.

Qeyd edək ki, “Yüz ilin sirləri” sənədli filminin Rəsulzadəyə həsr olunan bölümünü Hüseyn Cavadzadə yanvarın 27-də özünün sosial şəbəkə hesabında açıqlamışdı:

“Rəsulzadə sevənlər və ya xalq! Çoxdan intizarla gözlənilən, arzulanan “Yüz İlin Sirləri”nin Azərbaycanın qurucusu M.Ə.Rəsulzadəyə həsr olunan buraxılışı 31 yanvar, Rəsulzadənin doğum günü tarixində, bizim isə verilişimizin 1 illiyi münasibəti ilə bağlı tədbirimizdə yayımlanacaq”.

Lakin 1 gün sonra elə sözügedən paylaşımın şərh bölməsində H. Cavadzadə “Yüz İlin Sirləri”nin Rəsulzadəyə həsr olunan bölümünün AzTV-də yayımlanmayacağını bildirib.

Cavadzadə Yenicag.az-a açıqlamasında haqqında danışılan filmi yayımlamaq səlahiyyətinin AzTV-yə məxsus olduğunu vurğulayıb:

“Biz bir ildən artıq müddətdə çəkilişlərini müxtəlif ölkələrdə apardığımız “Yüz İlin Sirləri” filminin Rəsulzadəyə həsr edilmiş bölümünü AzTV-yə təhvil vermişik. Bundan sonra filmin yayımlanıb-yayımlanmayacağı kanalın siyasətidir, buna müdaxilə edə bilmərik”.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva isə sözügedən filmin yayımlanmamasının səbəbi haqqında məlumatının olmadığını deyib:

“Bu məsələ bizim şöbəyə aid olmadığı üçün heç nə deyə bilmərəm. Bizdə televiziyanın proqram direktorluğu var, efirə gedəcək-getməyəcək mövzuları onlar müəyyənləşdirirlər. Ümumiyyətlə, bizə qıraqdan çox təkliflər gəlir, ancaq onların hamısı efirə verilə bilməz axı…”

Qeyd edək ki, “Yüz ilin sirləri” tarixi şəxsliyyətlərlə bağlı AzTV-də yayımlanan sənədli filmlər rubrikasıdır.