Qablaşdırılmış qida məhsulları insan orqanizmi üçün ciddi təhlükədir. Həmin məhsulların üzərində aparılan araşdırmalar bunu sübut edib. Görünüşü ilə göz oxşayan qablaşdırılmış məhsulların tərkibində insan orqanizmi üçün təhlükəli qatışıqlar var.
Mütəxəssislər bu məhsulların onkoloji xəstəliklərə yol aça biləcəyini də istisna etməyiblər.
İnsanlar qablaşdırılmış məhsullara etibar etmədiyi halda, açıq satılan bəzi ərzaqları təbii sayaraq alırlar. Bu nə dərəcədə doğru və təhlükəsizdir?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan qida eksperti Məhsəti Hüseynova bildirib ki, bir çox insan təbii və kənd təsərrüfatı məhsullarına üstünlük verdiyi üçün emal olunmamış, qablaşdırılmamış və açıq havada satılan məhsulları daha çox seçirlər:
“Belə məhsulların tərkibində konservantlar, dadlandırıcılar və digər kimyəvi qatqılar olmadığından, onların qida dəyəri yüksək və daha keyfiyyətli ola bilər. Lakin bu cür məhsulların mənşəyi və hazırlanma şəraiti bəlli deyilsə, onların qəbulu ciddi sağlamlıq riskləri yaradır. Əgər məhsulun hazırlanması zamanı texnoloji qaydalara əməl olunmazsa, məsələn, bişirilməli məhsul kifayət qədər termik emal edilməzsə, mikrobioloji çirklənmə baş verər. Həmçinin sanitar-gigiyenik qaydalar pozularsa, həmin məhsullar vasitəsilə müxtəlif virus və bakteriyalar insan orqanizminə keçə bilər”.
Ekspert əlavə edib ki, əgər bu şərtlər təmin olunmursa, sənaye üsulu ilə hazırlanmış, emal olunmuş və qablaşdırılmış məhsullardan istifadə etmək daha təhlükəsizdir:
“Bu zaman məhsulun etiketində tərkibi, istehsalçı müəssisə barədə məlumat, istehsal və son istifadə tarixi, saxlanma qaydaları və keyfiyyət sertifikatı mütləq şəkildə qeyd olunmalıdır”.
“Daha az emal olunmuş sənaye məhsulları alındıqda isə onların tərkibində əsas inqrediyentin ən azı 70% təşkil etməsinə, qalan 30%-nin isə köməkçi maddələr olmasına diqqət yetirilməlidir. Rəf ömrü qısa olan, az konservantlı məhsullar daha keyfiyyətli hesab olunur”, – ekspert yekunlaşdırıb.












