Avtomobillərin texniki müayinəsində yenilik tətbiq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT.az-a verilən xəbərə görə, artıq avtomobillərin alt işlək hissələri də xüsusi texniki vasitələrlə yoxlanılacaq.
Bildirilib ki, Texniki Müayinə Mərkəzləri Ramazan bayramı günlərində fasiləsiz fəaliyyət göstərəcəklər.
“Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edərək bildirir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.
Bütün texniki Müayinə Mərkəzlərində nəqliyyat vasitələrinin alt işlək hissələri də dəqiqliklə yoxlanılır. Asqıların və sükan mexanizmlərinin nə qədər saz vəziyyətdə olması xüsusi texniki vasitələrlə müəyyən edilir. Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Bundan başqa vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-511-08-40 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər”, – qeyd olunub.












