Xəbər verdiyimiz kimi, Azərbaycanda qaz təchizatı ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə, cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin ötən gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ümumiyyətlə, hansısa bir formada cərimələrin artırılması əhali üçün əlavə yükdür:
“Bu, təbii ki, xoş qarşılanan bir məsələ deyil. Çox təəssüf ki, kommunal xidmətlərlə məşğul olan dövlət şirkətləri nədənsə tipik müqavilələr zamanı vətəndaşların üzərinə məsuliyyətlər qoyurlar, amma şirkətlərin məsuliyyətləri ilə bağlı hansısa punktlar yoxdur. Bu da çox ciddi problemdir. Ona görə də düşünürəm ki, Azərbaycanda cərimələrin olması doğru deyil. Bundan əlavə, müqavilələr elə bağlanmalıdır ki, tək vətəndaşın üzərinə yox, təchizatçı dövlət şirkətlərinin də üzərinə məsuliyyət düşsün. Məsələn, qaz, su kəsiləndə, elektrik enerjisində fasilələr olanda vətəndaşlara heç bir kompensasiya ödənilmir. Axı bu, həmin şirkətlərin məsuliyyətidir. Hesab edirəm ki, bu məsələdə bir tərəfli yanaşma vətəndaşların ziyanınadır”.
İqtisadçı ekspert Rauf Qarayev isə açıqlamasında bildirib ki, ilk olaraq, cərimələrin artırılmasının səbəbləri aydınlaşdırılmalıdır:
“Niyə indi cərimələr tətbiq olunması ortaya çıxıb? Çünki qazın qiyməti hazırda bahadır və müəyyən şəxslərin buna gücü çatmadığı üçün əl atırlar başqa yollara. Demək ki, ilk növbədə qazın qiyməti əl çatan olmalıdır ki, ondan oğurluq edilməsin. Bundan başqa, qazın sayğacı çöldə ola-ola onun bütün məsuliyyəti işlədənin üzərindədir. Əgər sayğac korlansa, o halda onu işlədən bütün xərci çəkməlidir. Əgər sabah o, kənar təsirlər tərəfindən korlanarsa, onun məsuliyyətini işlədənin üzərinə atmaq da düzgün deyil, yəni burada sayğac xüsusi qoruyucuya salınmalıdır ki, zədələnmələrdən mühafizə olunsun. Hesab edirəm ki, cərimələr artırılmamışdan əvvəl mahiyyət araşdırılmalıdır, çünki hər işdə cərimənin artırılması sonradan problemi daha da böyüdə bilər. Bu isə dövlətdən narazı olanların sayını artıra bilər”.
“Bir məsələni də diqqətinizə çatdırım ki, Azəriqazın “Facebook”-dakı təbliğatını xüsusi müsbət hal kimi qəbul etmək olar. Amma, reallıq budur ki, nəticə etibarı ilə bu qeydlərlə onların işi kifayətlənir. Misal olaraq, hər hansı yerdə qaz sızması varsa, bununla bağlı əhalinin maarifləndirməsinə rast gəlməmişəm. Hətta, vaxtı ilə bununla bağlı direktora da şikayətimi bildirmişəm, o qeyd nəzərə alınıb və aidiyyatı quruma yönəldib, amma mənzərə eyni olaraq qalıb. Bu, o deməkdir ki, işə bir dəfə baxılır, sonra isə hər şey kağız üzərində qalır. Bundan əlavə, qazın təchizatı zamanı təzyiqin qəflətən azalıb-artması müşahidə olunur. Misal üçün, çox zaman gündüzlər azalır, gecələr saat 3-dən 6-a kimi artır. Belə görünür ki, Azəriqaz qənaət rejimində işləyir. Son zamanlar qeyd olunan müşahidələr və açıqlamalar onu göstərir ki, qazın əhaliyə verilən qiyməti kuba nisbətən 25 qəpik olsa da, yenə də qənaətlə işlədin deyirlər. Halbuki, ölkə qazı həm daxildə, həm də xaricdə satır. Onsuz da son zamanlar kənd əhalisi evi isitmək üçün odun peçi yandırır, yəni deyə bilərm ki, qazı işlədənlərin sayı ümumən azalıb. Hesab edirəm ki, ilk növbədə bu problemlər həllini tapmalıdır, ondan sonra cərimə məsələsinə baxılmalıdır”- deyə, iqtisadçı vurğulayıb.












