Dəm qazı can almağa DAVAM EDİR – Necə dur deyək? 

Dəm qazı can almağa DAVAM EDİR – Necə dur deyək? 

Ötən gün Samux rayonunda 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və onun həyat yoldaşı Maya Musayevanın yaşadıqları evin hamamında dəm qazından boğularaq ölməsi payız və qış aylarında mütəmadi olaraq təkrarlanan bu təhlükəni yenidən gündəmə gətirib. Prokurorluq faktla bağlı araşdırma aparsa da, hadisə bir daha göstərir ki, temperaturun aşağı düşməsi ilə vətəndaşların isitmə cihazlarından daha intensiv istifadə etməsi dəm qazı riskini kəskin artırır və problem tək-tək fərdi hallarla məhdudlaşmır.

Məsələ ilə bağlı kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov NOCOMMENT.az-a deyib ki, belə hadisələrin əsas səbəbi evlərdə havalandırmanın kifayət qədər olmaması və qaz cihazlarının texniki baxışdan keçirilməməsidir.

Onun fikrincə, dəm qazından zəhərlənmələrin təxminən 90 faizi məhz qapalı, havasız mühitdə aparılan yanma prosesi nəticəsində yaranır.

Ekspert bildirir ki, xüsusilə köhnə tip su qızdırıcıları və kombilərin quraşdırılmasında ciddi texniki səhvlərə yol verilir, tüstü bacalarının təmizlənməməsi və ya nasaz olması isə dəm qazının mənzilə geri dolmasına səbəb olur:

“İnsanlar soyuqdan qorunmaq üçün qapı-pəncərələri tam bağlayırlar, lakin bu zaman yanma üçün lazım olan oksigen kəskin azalır. Oksigen çatışmadıqda qaz tam yanmır və nəticədə dəm qazı sürətlə toplanır. Bu qaz rəngsiz və qoxusuz olduğuna görə insanlar təhlükəni hiss etmədən huşlarını itirirlər.”

Nüsrət Qasımov həmçinin qeyd edib ki, qaz cihazlarının ildə ən azı bir dəfə rəsmi ustalar tərəfindən yoxlanılması mütləqdir:

“Lakin əksər hallarda buna əməl olunmur və cihazların nasazlığı vaxtında aşkarlanmadığı üçün faciələr qaçılmaz olur.

Təhlükənin azaldılması üçün ən effektiv vasitələrdən biri karbonmonoksit detektorlarının quraşdırılmasıdır.

Bu cihazlar təhlükə yaranan kimi səs siqnalı verir və insanları vaxtında xəbərdar edir. Təəssüf ki, ölkədə evlərin çoxunda bu detektor yoxdur, halbuki bu kiçik cihaz bir ailənin həyatını xilas edə bilər” , – deyə ekspert əlavə edib.

Ekspert payız və qış aylarına keçid zamanı maarifləndirmənin gücləndirilməsinin vacibliyini də vurğulayıb:

“Vətəndaşların qaz cihazlarından istifadə zamanı sadə təhlükəsizlik qaydalarına əməl etməsi – havalandırmanı açıq saxlamaq, ventilyasiya dəliklərini bağlamamaq, hamam və mətbəxdə mütləq hava dövranını təmin etmək, standartlara uyğun olmayan ucuz cihazlardan uzaq durmaq bu kimi faciələrin qarşısını əhəmiyyətli dərəcədə ala bilər.

Samuxda baş verən hadisə göstərir ki, təhlükəni aradan qaldırmaq üçün həm dövlət qurumlarının nəzarəti, həm də insanların şəxsi məsuliyyəti paralel şəkildə gücləndirilməlidir”.