Deputat: Kafe-restoranlarda iş saatı azaldıla bilər

Deputat: Kafe-restoranlarda iş saatı azaldıla bilər

Ötən gün ölkədə koronavirusa yoluxanların sayı 6 113, sağalanlar 3 267, ölənlər isə 18 nəfər olub. Virusa yoluxmanın belə sürətlə yayılması insanlarda bəzi sahələrdə qapanmaların ola biləcəyi ehtimalını yaradır. Hətta təhsil müəssisələrinin 2 həftəlik bağlanacağı, tədrisin onlayn davam etdiriləcəyi iddia olunur.

NOCOMMENT xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev modern.az-a açıqlamasında bildirib ki, omikron ştamı ilə əlaqədar ölkə üzrə kütləvi qapanmaların olması gözlənilmir.

Komitə sədri deyib ki, yoluxma hallarının artdığı uşaq bağçalarında, məktəblərdə, həmçinin ayrı-ayrı müssisələrdə lokal qapanmalar ola bilər: “Omikron qısa müddətli xəstəlik törədir və bir həftə ərzində demək olar ki, sağalma müşahidə edilir. Yoluxanlarda ağırlaşma olmadığına görə, stasionarlarda yer problemi yaranmır. İnsanlar çox vaxt evdə ambulator müalicəyə cəlb olunmaqla sağalırlar.

Qapanmalara o vaxt gedilir ki, stasionarda, xüsusən də reanimasiya şöbələrində ağır xəstələrin sayı artır. Bunu nizamlamaqdan ötrü əvvəllər 2-3 həftəlik qapanmalara gedilirdi. Amma omikronda başqa ölkələrdə qapanmalarla bağlı təcrübəyə rast gəlmədik. Amma ayrı-ayrı məhdudlaşdırmalar ola bilər.

Məsələn, restoranlarda insan sayının azaldılması və ya kafe-restoranların işləmə saatının aşağı salınması, bəzi aktual sayılmayan kütləvi tədbirlərin təxirə salınması, imkan qədər onlayn rejimdə görüşlərin keçirilməsi və s. belə hallar ola bilər”.

M.Quliyev deyib ki, istənilən halda peyvəndlənmə prosesini sürətli şəkildə davam elətdirməliyik: “Qoruyucu tədbirlərə əməl etməliyik. Yəqin ki, yaxın bir həftədən sonra yoluxmanın pik dövrünü geridə qoymuş olarıq”.