Dünya daha bir pandemiya ilə üz-üzə – Həkimdən XƏBƏRDARLIQ

Dünya daha bir pandemiya ilə üz-üzə – Həkimdən XƏBƏRDARLIQ

Quş qripinin mutasiya edərək insandan insana keçə bilmə ehtimalı beynəlxalq elmi dairələrdə ciddi narahatlıq yaratmaqda davam edir. Mütəxəssislər bu ehtimalın reallaşacağı təqdirdə nəticələrin COVID-19-dan daha ağır ola biləcəyini istisna etmirlər.

“Reuters”in məlumatında qeyd olunur ki, Fransadakı Pasteur İnstitutunun Tənəffüs Yoluxucu Xəstəlikləri Mərkəzinin direktoru Mari-Ann Rameix-Welti virusun məməlilərə uyğunlaşma riskinin artdığını və belə bir uyğunlaşmanın insandan-insana yoluxma mexanizmini mümkün edə biləcəyini bildirib. Onun sözlərinə görə, insanlar mövsümi H1 və H3 ştammlarına qarşı müəyyən immunitetə malikdirlər, lakin H5 tipli quş qripinə qarşı antitel olmadığından virusun mutasiyası halında xəstəliyin geniş yayılmasının qarşısını almaq çətin ola bilər.

Məsələ ilə bağlı həkim-infeksionist Orxan Cəfərov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, H5 tipli quş qripinin yaratdığı klinik mənzərə çox sürətlə ağırlaşa bilər.

Onun sözlərinə görə, virus insanlarda yüksək hərarət, güclü baş ağrısı, əzələ ağrıları, intensiv halsızlıq və qısa müddətdə inkişaf edən tənəffüs çatışmazlığı ilə özünü göstərir:

“Ağciyərlərdə ödem və viral pnevmoniya inkişaf etdikdə isə vəziyyət kritik həddə çata bilər. Bəzi hallarda orqanizmdə çoxsistemli zədələnmə baş verir və bu da xəstənin həyatını qısa müddətdə təhlükəyə ata bilir. Quş qripinin təhlükəsi ondadır ki, xəstəlik yalnız risk qruplarında deyil, tam sağlam şəxslərdə də ağır fəsadlarla keçə bilər”.

Orxan Cəfərov əlavə edib ki, virus hələ ki insandan insana keçmir, lakin quşlarla birbaşa təmasda olan insanlar üçün risk real olaraq qalır:

“Bu səbəbdən ən vacib məsələ profilaktik tədbirlərin gücləndirilməsidir. Quşçuluq təsərrüfatlarında çalışanlar, quş ətinin emalı ilə məşğul olanlar, açıq bazarlarda quş məhsulları ilə təmasda olan şəxslər qoruyucu maska, əlcək və xüsusi iş geyimindən mütləq istifadə etməlidirlər.

Xəstə və ya ölmüş quşlarla təmas tamamilə yolverilməzdir. Virusun quşlardan insana keçmə riski ən çox belə mühitlərdə artır”.

Həkim-infeksionist ev şəraitində quş saxlayanlara da xüsusi xəbərdarlıq edib:

“Quşlarda qəfil kütləvi tələf olma, aktivlikdə azalma, tük tökülməsi, qeyri-adi davranış və ya selikli axıntı kimi simptomlar müşahidə edilərsə, bu, təhlükəli virusun mövcudluğuna işarə ola bilər. Belə halda dərhal baytarlıq xidmətinə məlumat verilməli, quşlarla təmas dayandırılmalı və ərazi dezinfeksiya olunmalıdır. Bu kimi halların vaxtında aşkarlanması təkcə ailə daxilində deyil, bölgədə yoluxmanın qarşısının alınmasında da mühüm rol oynayır”.

Orxan Cəfərov onu da qeyd edir ki, hazırda qlobal risk yüksək qiymətləndirilməsə də, quş qripinin mutasiya potensialı nəzərə alınmalıdır.

Onun fikrincə, şəxsi gigiyenaya riayət etmək, əlləri tez-tez yumaq, termiki işlənməmiş quş ətindən və qeyri-təhlükəsiz heyvan məhsullarından çəkinmək vacibdir:

“Xüsusilə quş ətinin yaxşı bişirilməsi, xam və bişmiş məhsulların eyni səthdə hazırlanmasından qaçınılması, mətbəx gigiyenasının təmin olunması yoluxma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər”.

Həkim hesab edir ki, həm fərdi, həm də ictimai səviyyədə görüləcək bu tədbirlər mümkün təhlükənin qarşısının alınmasında əsas rol oynayacaq.