Gənclərin xaricdə təhsili: fayda, yoxsa problem?

Gənclərin xaricdə təhsili: fayda, yoxsa problem?

Son illər xaricdə təhsil alan tələbələrin sayı artmaqda davam edir. Bu tendensiya ölkəyə həm faydalar, həm də problemlər gətirir. Xaricdə təhsil alan gənclərin qazandığı bilik və təcrübə, ölkəyə qayıtdıqda iqtisadi, elmi və sosial sahələrdə tətbiq oluna bilər. Eyni zamanda, “brain drain” riski, tələbələrin xaricdə qalıb ölkəyə dönməməsi, adaptasiya çətinlikləri və təhsil sonrası karyera imkanlarının məhdudluğu kimi problemlər də müşahidə olunur.

Hazırda əsas əngəllərdən biri tələbələrin xaricdə təhsil aldıqdan sonra ölkəyə geri dönməməsi və biliklərini effektiv şəkildə tətbiq edə bilməməsidir. Digər əngəllər isə bürokratik maneələr, sosial və iqtisadi motivasiyanın yetərsizliyi, həmçinin təhsil keyfiyyəti ilə ölkədəki iş və karyera imkanları arasındakı uyğunsuzluqdur.

Bəs, xaricdə təhsil alan tələbələrin sayı artdıqca, ölkəyə fayda təmin etmək və problemləri azaltmaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan xaricdə təhsil üzrə ekspert, “Study in Turkey” şirkətinin rəhbəri Fuad Hacıyev bildirib ki, son illərdə xaricdə təhsil alan tələbələrin sayının artması ölkəmiz üçün böyük fürsətdir:

“Gənclər dünyanın aparıcı universitetlərində qazandıqları bilik və təcrübəni Azərbaycana gətirir. Xüsusən tibb, mühəndislik, İT və biznes sahələrində insan kapitalımızı gücləndirirlər. Onların qurduğu beynəlxalq əlaqələr ölkəmizin həm akademik, həm də iqtisadi əməkdaşlıqları üçün ciddi üstünlük yaradır.”

Fuad Hacıyev

Fuad Hacıyev eyni zamanda çətinlikləri də qeyd edib:

“Əsas problem gənclərin geri qayıdışında qarşılaşdıqları maneələrdir. Bürokratiya, uyğun iş imkanlarının məhdudluğu, əmək bazarında rəqabət və diplom tanınmasının çətinliyi onların ölkəyə dönməsini ləngidir.

Bu vəziyyəti dəyişmək üçün gənclərin iş mühitinə inteqrasiyasını asanlaşdırmaq, dövlət–özəl sektor əməkdaşlığını gücləndirmək, praktik proqramları və startap dəstəklərini artırmaq, bilik və bacarığı real şəkildə qiymətləndirən motivasiya mexanizmləri yaratmaq vacibdir.”

Ekspert vurğulayıb ki, xaricdə təhsil alan gənclər Azərbaycanın gələcəyidir və onların potensialını ölkənin inkişafına yönəltmək əsas məsuliyyətimizdir:

“Bu il 150 illiyini qeyd edəcəyimiz Fətəli xan Xoyski hələ Cümhuriyyət dövründə xaricdə təhsil proqramlarını prioritet elan etmiş və gənclərin Avropada oxuması üçün əlindən gələni etmişdi. Bu gün həmin tarixi yanaşmanı daha müasir formada davam etdirmək bizim üzərimizə düşən borcdur.”