Gürcüstan gömrüyü Azərbaycanın yük maşınlarına süni maneələr yaradır? – VİDEO

Gürcüstan gömrüyü Azərbaycanın yük maşınlarına süni maneələr yaradır? – VİDEO

Gürcüstan 20 gündən artıqdır ki, Azərbaycanın tütün daşıyan yük avtomobillərini gömrükdən buraxmır.

NOCOMMENT.az-ın məlumatına görə, həm Batumi, həm də Tbilisi gömrük-keçid məntəqələrində Azərbaycan yük maşınları saxlanılır.

Çəkiliş üçün sərhədə getdiyimiz zaman isə məlum oldu ki, məsələ daha ciddidir, nəinki 20 gün, sentyabr ayından gözləyən maşınlar var və yük sadəcə tütün məmulatı ilə məhdudlaşmır.

Tbilisidə gözləyən sürücülərdən biri deyir ki, 4-5 aydır bu problemlərlə rastlaşırlar və gömrük işçiləri sürücülərlə kobud davranırlar.

Sürücülərin sözlərinə görə, azərbaycanlı fermer öz yükünün daşınmasını gürcü yük maşını ilə həyata keçirdikdə Gürcüstan tərəfi sərhəddə heç bir problem yaratmır, mal rahatca Avropaya çatır. Eyni yükü Azərbaycan maşını daşıyanda günlərlə heç bir səbəb demədən gömrükdə saxlayırlar ki, gələn dəfə fermerlər yüklərini gürcü maşınlarına daşısınlar. Hətta Batumidə gözlədilən sürücülərə deyilən sözlərdən hələ hazır olmayan Zəngəzur yolu ilə bağlı sanki indidən qısqanclıqlar sezilir.

Sürücülər deyirlər ki, gömrük qurumuna müraciət ediblər, cavab olaraq isə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır. Dediklərinə görə, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılırlar.

Məsələ ilə bağlı Gürcüstan Dövlət Müəssisəsinin Gəlirlər Xidmətinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Tamar Andriadze bildirib ki, Gömrük xidməti tam həcmdə və fasiləsiz fəaliyyət göstərir. Qaydalarda dəyişiklik yoxdur. Bütün maşınlar, o cümlədən Azərbaycan nömrəli avtomobillər standart prosedurlardan keçir. Ola bilər ki, müəyyən maşınlarda sənədləşmə və ya digər gömrük prosedurları ilə bağlı problemlər yaranıb. Ancaq sırf hər hansı ölkənin avtomobilləri ilə bağlı nə isə qadağa və ya saxlanılması ilə bağlı məsələ yoxdur. Prosedurlar bitdikdən sonra bütün bu maşınlar təyinat yerlərinə göndəriləcək”.

Azərbaycanın Batumidəki Baş konsulluğundan bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.

Ən son olaraq Gürcüstandakı Azərbaycan səfirliyindən məlumat verilib ki, bu gün səfirliyin əməkdaşları Gürcüstan nümayəndələri ilə görüş keçiriblər və qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.