“Göygöl Rayon Prokurorluğunun bu gün yaydığı məlumatı araşdırmışam. Orada heç bir problem yoxdur. Cüdoçular qaçıb, soyuq su içiblər, özlərini pis hiss ediblər. Təcili yardım maşını gəlib onları aparıb. Yarım saata-bir saata qayıdıblar. Hazırda həmin cüdoçular məşqlərini davam etdirirlər”.
NOCOMMENT xəbər verir ki, bunu oxu.az-a Göygöl Olimpiya İdman Kompleksinin direktoru, cüdo millimizin məşqçisi Mövlud Mirəliyev deyib.
Göygöl Rayon Prokurorluğu bu gün məlumat yayaraq Göygöl Olimpiya İdman Kompleksində 15 gənc cüdoçunun zəhərlənməsi barədə məlumat yayıb.
Lakin olimpiya və dünya mükafatçısı olmuş Mövlud Mirəliyev yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib: “Orada yeməklə bağlı heç bir zəhərlənmə olmayıb. Prokurorluq niyəsə belə yayıb. Bura dağ yeridir, qaçıb tərləyiblər. Yağlı yemək yeyib, su içiblər. Prokurorluq gəlib idmançılardan nümunələr götürüb.
Bir də Prokurorluğun yaydığı kimi idmançıların sayı 15 olmayıb, 12-13 olub. Onlar təxmini yazıb. Prokurorluq niyə belə yayıb, başa düşmürəm. Zəhərlənən idmançılar uzağı bir saata bazaya qayıtmazdılar. Dediyim kimi, həmin idmançılar bu gündən etibarən məşqlərə başlayıblar.
Bir də bu cüdoçular gənc deyil, yeniyetmələrdir. Onlar mayda keçiriləcək Respublika birinciliyinə hazırlaşmaq məqsədilə Göygöldə təlim-məşq toplanışındadırlar”.












