Azərbaycanda ali təhsil müəssisələrinə qəbul prosesinin ilk və ən mühüm mərhələsi olan buraxılış imtahanları başa çatdıqca, abituriyentlər və valideynlər arasında “imtahanların çətinlik dərəcəsi” ətrafında ciddi narahatlıqlar yaranıb. Xüsusilə keçən ilki imtahanların nisbətən asan, bu ilki sualların isə daha mürəkkəb olması akademik mühitdə ədalət və bərabərlik prinsiplərini sual altına qoyur.
Bu fərqlilik ötən il məzun olan və “toplanmış balı saxlamaq” hüququndan istifadə edən abituriyentlərə süni üstünlük qazandırır.
İmtahanların çətinlik səviyyəsinin illər üzrə kəskin dəyişməsi nəinki abituriyentlərin psixoloji vəziyyətinə mənfi təsir göstərir, həm də blok imtahanları öncəsi rəqabət mühitini qeyri-sağlam müstəviyə daşıyır. Eyni ixtisas uğrunda mübarizə aparan iki gəncin fərqli çətinlik dərəcəli imtahanlarla qiymətləndirilməsi qəbul sistemindəki metodoloji boşluqları üzə çıxarır.
Təhsil eksperti Fuad Hacıyev NOCOMMENT.az-a açıqlamasında bildirib ki, imtahan suallarının standartlaşdırılmaması builki qəbul prosesində ciddi disbalans yaradacaq:
“Biz hər il eyni mənzərə ilə qarşılaşırıq, lakin builki fərq daha qabarıqdır. Keçən il buraxılış imtahanında asan suallarla yüksək bal toplamış məzunlar builki çətin imtahanda tər tökən abituriyentlərlə eyni tərəziyə qoyulur. Bu, birbaşa tənqid olunmalı məqamdır. Dövlət İmtahan Mərkəzi (DİM) imtahanların validliyini və etibarlılığını qorumaq üçün illər üzrə çətinlik dərəcəsini eyni səviyyədə saxlamalıdır. Əks halda, builki abituriyentlər blok imtahanında nə qədər yüksək nəticə göstərsələr də, ümumi balda keçən ilki məzunlardan geri qala bilərlər. Bu, təhsildə imkan bərabərliyi prinsipinin pozulması deməkdir”.
Onun sözlərinə görə, builki qəbul planında artım müşahidə olunsa da, bu, balların enəcəyi mənasına gəlmir:
“Bəli, ali məktəblərə qəbul yerlərinin sayı keçən illə müqayisədə bir qədər artırılıb, lakin müraciət edən abituriyentlərin sayı da rekord həddədir. Xüsusilə I və IV qruplarda rəqabət daha sərtdir. Buraxılış imtahanının çətin olması builki məzunların orta balını aşağı salsa da, keçən ilki yüksək ballı məzunların rəqabətə qoşulması keçid ballarının bir çox populyar fakültələrdə sabit qalmasına, hətta artmasına səbəb ola bilər. İnformasiya texnologiyaları, hüquqşünaslıq və tibb kimi ixtisaslarda biz balların enməsini gözləmirik. Əksinə, bu sahələrdə hər yarım bal belə həlledici olacaq”.
O, qeyd edib ki, balların azalma ehtimalı yalnız müəyyən istiqamətlərdə mümkündür:
“Region universitetlərində, kənd təsərrüfatı və mühəndisliyin bəzi az populyar sahələrində, həmçinin ödənişli əsaslarla qəbul aparan plan yerlərinin çox olduğu fakültələrdə balların cüzi enməsini görə bilərik. Lakin paytaxtın nüfuzlu ali məktəblərində ‘filtrləmə’ prosesi çox sərt gedəcək. Abituriyentlərə tövsiyəm odur ki, buraxılışın çətinliyinə aldanıb blok imtahanına hazırlığı zəiflətməsinlər. Unutmasınlar ki, bu il rəqibləri təkcə yaşıdları deyil, həm də keçən ilin ‘şanslı’ məzunlarıdır. DİM-dən isə gələcək illər üçün tələbimiz budur ki, sual bazası elə tənzimlənsin ki, abituriyent hansı ildə imtahan verməsindən asılı olmayaraq, eyni çətinliklə qarşılaşsın”.
Tunar
NOCOMMENT.az












