Lənkəranda “asılıb” qalan tullantılar günlərdir təmizlənmir.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun Girdəni kəndində zibil qutularının olmaması səbəbindən sakinlər “yeni üsula” əl atıblar.
Onlar məişət tullantılarını magistralda dirəklərdən və ya ağaclardan asırlar. Günlərlə təmizlənməyib qalan tullantılar ərazidə üfunətli qoxu yaradır.
O cümlədən həmin istiqamətdən keçən qonaqlar və turistlər bu mənzərə ilə qarşılaşmalı olur. Bu da təbii ki, Lənkəran şəhəri üçün xoş təəssürat yaratmır.
Sakinlər deyir ki, əvvəllər qrafik əsasında tullantılar təmizlənirdi:
“Biz də qrafikə uyğun olaraq tullantıları ora qoyurduq, günün sonuna kimi təmizlənirdi. İndi nədənsə tullantılar orada günlərlə qalır”.
Sakinlər onu da bildirdilər ki, əgər kənd ərazisinə zibil qutuları qoyulsa, hər kəs öz məişət tullantılarını qutulara atar.














