Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Xuraman Güləliyeva təcili olaraq pul lazım olduğu üçün təqsirləndirilən şəxsə məxsus lombarda qızıllarını girov qoyduğunu bildirib.
“Pulu qaytarıb qızıllarımı almaq istəyəndə dedilər ki, Maqsud onları götürüb ölkədən qaçıb. Lombarın qarşısında mənim kimi bir neçə zərərçəkmiş də var idi. Şikayətimdən təxminən 3 gün sonra Mədinə İsrafilova məni lombarda dəvət edərək qızıllarımı qaytardı. Maqsudla bağlı heç bir şikayətim yoxdur”, – deyə o vurğulayıb.
Digər zərərçəkmiş Mahir Osmanovun sözlərinə görə, Lökbatan qəsəbəsində yerləşən lombarda 1 900 manat dəyərində qızıl girov qoyub: “Lombardda ayda 59 manat faiz olmaqla 850 manat pul götürdüm. Faiz ödənişləri edəndə lombardın bağlı olduğunu gördüm və hamı kimi mən də polisə şikayət etdim. Təxminən 15 gün sonra məni lombarda dəvət edib qızıllarımı geri verdilər”.
Zərərçəkmiş Saleh Sadayev bildirib ki, girov qoyduğu qızıllarını şikayətindən 20 gün sonra geri alıb.
Məhkəmənin növbəti iclası martın 30-na təyin edilib.












