Masallıda 4 kəndin yaxınlığında yerləşən meşəlik ərazi indi zibillik poliqonuna çevrilib.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, zibil poliqonu Masallı rayonunun Kalinovka, Hüseynhacılı, Öncəqala və Yeddioymaq kəndlərinin ərazisində yerləşən meşə zolağındadır.
6-7 ay bundan əvvəl meşə zolağı rayonu 11 saylı meşə təsərrüfatı mərkəzinin Masallı meşəbəyliyinin 24 saylı dolayı olub. Hal-hazırda 24 saylı dolay 23 saylı dolayla birləşdirilib. O vaxta kimi hər iki dolayının özünün ayrı-ayrı gözətçiləri olub və meşə ərazisinə kənar şəxslərin daxil olub meşənin zibillənməsinə imkan verilməyib.
Lakin indi hətta meşə dolayı ətrafında üzərində təlimatlandırıcı yazılar olan lövhələr də kimlərsə tərəfindən götürülüb.
Sakinlər deyir ki, 24 saylı meşə dolayı 23 saylı dolayla birləşdiriləndən sonra bu problemlər ortaya çıxıb.
“Kənd ərazisində məişət tullantılarının atılması üçün nə bir yer, nə də zibil qutuları var. Buna görə də bəzi sakinlər rahat yolu seçərək, tullantıları gətirib meşə ərazisinə atırlar. Əsasən də günün gecə saatlarında ətrafda yaşayan sakinlər müxtəlif nəqliyyat vasitələri ilə tullantıları gətirib bura atırlar”.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirdi ki, tullantıların meşə və təbiət ərazilərinə atılması narahatedici məsələdir:
“Bu barədə dəfələrlə yerli sakinlərlərlə təbliğat aparılır. Tullantıların ətrafa, meşə, təbiət ərazilərinə atılması hamısını narahat edən məsələdir. Və bununla bağlı nazirlik tərəfindən davamlı təbliğat aparılır. Təmizlik aksiyaları keçirilərək ətraf mühitin təmiz saxlanılması təşviq edilir. Tullantılarla çirkləndirilmiş sözügedən meşə ərazisi artıq regional meşə təsərrüfatı mərkəzinin əməkdaşları tərəfindən təmizlənib. Vətəndaşlarımıza müraciət edirik ki, tullantıları hara gəldi atmasınlar, ətraf mühiti təmiz saxlasınlar və belə hallarla rastlaşdıqları zaman ETSN-nin 168 çağrı mərkəzinə müraciət etsinlər”.
Qeyd edək ki, sözügedən meşə dolayları 70 ildir ki salınıb və bu günə kimi də qorunur.













