Rasim Məmmədovun ailə üzvləri DTX-ni məhkəməyə verdi

Rasim Məmmədovun ailə üzvləri DTX-ni məhkəməyə verdi

“Baku Non Ferrous And Foundry Company” MMC və 4 nəfər fiziki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) qarşı məhkəmə iddiası qaldırıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, məhkəmə iddiaları bu gün – 31.10.2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatına verilib.

İddia mülkiyyət hüquqları ilə əlaqədar mübahisələrlə bağlıdır.

Məlumat üçün bildirək ki, DTX-ni məhkəmyə verən şəxslər hazırda həbsdə olan “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Rasim Məmmədovun ailə üzvləridir. İddiaçılar arasında Rasim Məmmədovun atası – Azərbaycan Memarlıq və İnşaat Universitetinin dekanı, professor Hikmət Məmmədov, qardaşı Süleyman Məmmmədov, həmçinin digər ailə üzvləri Mehriban Məmmədova və Cəfər Məmmədov da var.

Qeyd edək ki, Rasim Məmmədov eyni zamanda “Baku Non Ferrous And Foundry Company” MMC-nin Müşahidə şurasının sədri olub.

Xatırladaq ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Rasim Məmmədov ötən ilin yanvar ayında DTX tərəfindən saxlanılıb.

Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.