Təəssüflər olsun ki, bu gün bəzi dövlət qurumlarında ana dilinin önəminə lazımınca diqqət yetirilmir, qloballaşma amilini əsas gətirərək ingilis dilini bilmək işçilər qarşısında əsas tələblərdən biri kimi qoyulur.
NOCOMMENT.az -a daxil olan məlumata görə, belə qurumlardan biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
Sosial şəbəkələrdə və cəmiyyət arasında dolaşan məlumatlara görə, son aylar bu nazirlik və onun nəzdindəki qurumlarda kütləvi ixtisarlara start verilib.
Adıçəkilən nazirlikdəki rəhbər şəxslər ingilis dilini bilməyi işçilər qarşısında əsas tələb kimi qoyur, əcnəbi dili bilməyənlər işdən azad edilir.
İddiaya görə, artıq iş o həddə çatıb ki, işə qəbul prosesi zamanı Azərbaycan dili ilə bağlı heç bir tələb irəli sürülmədiyi halda, ingilis dilini bilmək əsas meyar kimi qiymətləndirilir.
Məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki “ingilis dili sevgisi”ndən ən çox əziyyət çəkən ən çox təcrübəyə malik orta və yaşlı nəslin nümayəndələridir.
Bundan başqa, iddiaya görə nazirlikdəki bəzi məmurlar peşəkar işçiləri işdən uzaqlaşdırmaqla ştat cədvəlində boş yerlər əldə edir və daha sonra öz yaxınlarını boş qalan ştat yerlərinə müvafiq şəkildə işə götürürlər. Halbuki, işə qəbul edilən bu şəxslərin də əcnəbi dil bilgisi lazımi səviyyədə deyil.
Bundan başqa, nazirliyin tabeliyindəki qurumlarda rəsmi yazışmalarda da Azərbaycan dili sözlərinin tədricən ingilis sözləri ilə əvəz edildiyi iddia olunur. Bildirilir ki, rəhbərlik ingilis dilindəki bu sözləri beynəlxalq işarə və anlaşma dili kimi təqdim edərək, Azərbaycan sözlərini yazışmalardan çıxarır. Dilimizə əvəzi olduğu halda ingilis dilli sözlər, terminlər gətirilir ki, bu da dövlət idarəsində Azərbaycan dilinin sıxışdırılması deməkdir.
İşçilər hesab edir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki bu tendensiyanın qarşısı alınmazsa, yaxın gələcəkdə yüzlərlə ailə ac qalacaq, Azərbaycan dilinin bu qurumdakı işləklik göstəricisi daha da aşağı düşəcək.
Nazirlikdən NOCOMMENT.az -ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və tabeli qurumlarda ingilis dilini bilməyən əməkdaşların işdən azad edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Nazirlikdə işə qəbul prosesi yalnız “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və müvafiq normativ-hüquqi aktlara uyğun olaraq mərkəzləşdirilmiş dövlət qulluğuna qəbul mexanizmi vasitəsilə həyata keçirilir. İşə qəbul zamanı əsas meyarlar namizədin peşə hazırlığı, ixtisas uyğunluğu, dövlət qulluğu qanunvericiliyinə uyğun bilik və bacarıqlarıdır. İngilis dili bilikləri yalnız vəzifənin funksional tələblərindən irəli gəldiyi hallarda əlavə üstünlük kimi nəzərə alına bilər, lakin əsas meyar deyildir. Azərbaycan dili biliyi isə dövlət qulluğuna qəbul prosesində və gündəlik fəaliyyət zamanı əsas və məcburi tələblərdən biridir.
Nazirlikdə hazırda heç bir ixtisar aparılmır.
Nazirliyin ştat vahidləri Azərbaycan Respublikasının qanunvericiliyinə, Nazirlər Kabinetinin müvafiq qərarlarına və təsdiq olunmuş struktur sənədlərinə uyğun olaraq müəyyənləşdirilir.
Nazirlikdə kadrların işə qəbulu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada, dövlət qulluğunun prinsipləri əsas götürülməklə, şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilir.
Nazirlikdə bütün daxili və ölkə üzrə rəsmi yazışmalar Azərbaycan dilində aparılır. Nazirliklə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar, o cümlədən beynəlxalq yazışmaları “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparılır. Hazırlanan bütün rəsmi sənədlərin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət dilinin norma və qaydalarına uyğunluğuciddi şəkildə yoxlanılır, mətnlərin terminoloji dəqiqliyi və üslub bütövlüyü təmin edilir”, – məlumatda bildirilib.












