Səlim Müslümovun məhkəməsində şahid: Tikilən mənzillərə rüşvət vermişəm

Səlim Müslümovun məhkəməsində şahid: Tikilən mənzillərə rüşvət vermişəm

“Şəhid ailələri üçün tikilən mənzillərin hər birinə görə 6 min manat rüşvət vermişəm”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclasında şahid qismində ifadə verən Bəhmən Bağırov deyib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid söyləyib ki, “Ellada” MMC-nin rəhbəri olub: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zaqatalada iki ev tikilib. Əsas məsələləri Elman adlı şəxs həll edib. Pulları isə nazirliyin nümayəndəsi Natiq Əzizova təqdim etmişəm”.

Digər şahid Nizami Eminov da dindirilib. O bildirib ki, şəhid ailələri üçün 6 evin tikilməsinə görə Natiq Əzizova ümumilikdə 36 min manat rüşvət verib.

Şahid Şahlar Məmmədov isə deyib ki, Ağdaşda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə iki ev tikilib. Onun sözlərinə görə, hazırda şirkəti müflis olub: “Şirkətimin müflis olmasına səbəb nazirlikdir. Nazirlikdən hələ də pulumu ala bilmirəm”.

Prosesdə şahid qismində Samir Şahmirov da ifadə verib. O, fəhlə işlədiyini və adına şirkət açıldığını deyib. Şahid söyləyib ki, Elman Səfərov adlı şəxs onların adından iş görərək Zaqatalada iki ev tikdirib.

Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.