Sumqayıtda Xəzərbağları yaşayış massivində yaşayan sakinlər uzun müddətdir ki, ərazidəki infrastruktur problemlərindən ciddi şəkildə əziyyət çəkdiklərini bildirirlər.
NOCOMMENT.az xəbər verir ki, onların sözlərinə görə, xüsusilə payız-qış aylarında vəziyyət dözülməz həddə çatır.
Sakinlər deyirlər ki, yolların bərbad vəziyyətdə olması gündəlik gediş-gəlişi son dərəcə çətinləşdirir. Yağış yağdığı günlərdə ərazi tamamilə keçilməz olur, palçıq və çala-çuxur səbəbindən nəqliyyatın hərəkəti iflic halına düşür.
Bundan əlavə, küçə işıqlandırılmasının olmaması axşam saatlarında təhlükəni daha da artırır. Qaranlıq küçələrdə həm piyadaların, həm də avtomobillərin hərəkəti son dərəcə riskli hala gəlir.
Ən böyük problemlərdən biri isə kanalizasiya xətlərinin tez-tez daşmasıdır.
Sakinlər bildirirlər ki, yağışlı günlərdə kanalizasiya suları küçələrə axır, üfunət və antisanitariya vəziyyəti dözülməz edir. Lükların da tez-tez daşması həyati təhlükə yaradır və gündəlik həyatı iflic edir.
Sakinlər aidiyyəti qurumlardan bu problemlərin aradan qaldırılması üçün təcili tədbirlər görülməsini tələb edirlər. Onlar ümid edirlər ki, Xəzərbağları yaşayış massivinin infrastrukturuna nəhayət ki, diqqət yetiriləcək və illərdir davam edən çətinliklər öz həllini tapacaq.













