Vaqonda tükənən məcburi köçkün ömrü – 30 illik yurd həsrəti

Vaqonda tükənən məcburi köçkün ömrü – 30 illik yurd həsrəti

Ağdamın işğaldan qurtulmasının beşinci ildönümündə yayımlanan telereportajlarda ermənilərin vaxtilə “Xirosima”ya döndərdikləri qədim bölgəmizdə aparılan tikinti-quruculuq və abadlıq işləri hər bir azərbaycanlını fərəhləndirir.

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində işğaldan azad edilmiş ərazilərin bərpası, yenidənqurması və digər tədbirlər üzrə cəm olaraq 3 548 900 000 manat məbləğində vəsait yönəldiləcəyi nəzərdə tutulub (Trend). Bu vəsait həmin ərazilərə Böyük Qayıdışın təmin edilməsinə, şəhər və kəndlərin yenidən qurulması və bərpasına, həmin ərazilərdə müasir infrastrukturların yaradılmasıba (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.), əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkilinə, inşa edilmiş evlərə ailələrin köçürülməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə sərf olunacaq.

Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyirdi ki, “Biz əsas infrastruktur layihələrini, yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq”.

Bu isə onu deməyə əsas verir ki, gələn il hökumətimiz daha çox Ağdam sakininin doğma yurd-yuvalarına ləyaqətli şəkildə köçürülməsini təmin edəcək.

Hələlik isə Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə keçmiş məcburi köçkünləri köçü baş tutub. Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbasın sözlərinə görə, bu ilin sonuna kimi işğaldan azad edilmiş Ağdam şəhərinin mərkəzinə keçmiş məcburi köçkünlərin köçü gözlənilir (Modern.az).

Deputat bildirib ki, ona şəhərdən ev verilməsi ilə bağlı müvafiq qurumlara müraciət etsə də, hələlik onun müraciətinə cavab verilməyib.

Amma məsələ ondadır ki, deputat Aqil Abbasın, onun Ağdam seçki dairəsi üzrə həmkarı Bəxtiyar Əliyevin Bakıda yaşamaları üçün bütün şəraiti olan evləri var və onlar hələ gösləyə bilərlər. Lakin onların həmyerlisi, Ağdam sakini Əliyeva Elduzə Yelmar qızı 1994-cü ildən indiyədək vaqonda dözülməz şəraitdə yaşayır. Görəsən, Ağdamda ev almağı gösləyən, belə seçicilərin hesabına deputat olmuş şəxslər niyə bunu düşünmürlər?

Bu günlərdə şəkər xəstəsi olan Elduzə xanım Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət edərək Ağdama, bu, mümkün olmadıqda isə Bərdədə və ya hər hansı ərazidə olan boş evlərə köçürülməsini xahiş edib.

Ağdam sakini bu məsələnin tezliklə gerçəkləşməsi üçün Prezident İlham Əliyevdən də kömək istəyib: “Mən artıq dözə bilmirəm. Odunum yoxdur. Aldığım pensiya 300 manatdır. Bilmirəm həmin pula iynə-dərman alım, yoxsa odun alım. Xahiş edirəm, məni buradan köçürün”.

Düzü, qalib ölkənin ağbirçək vətəndaşının indiyədək yayda isti, qışda soyuq olan vaqonda yaşaması utancverici hal hesab olunmalıdır.

Əslində Komitə sədri Rövşən Rzayev ilk növbədə belə insanların siyahısını tutub, onların doğma yurda qayıtmasını təmin etməlidir. Çünki Prezident İlham Əliyev dəfələrlə bildirib ki, doğma yurdlarına ilk növbədə ağır vəziyyətdə yaşayan aztəminatlı məcburi köçkünlər qayıtmalıdır. Dövlət başçımız bu məsələni vurğulayanda məhz Elduzə Əliyeva kimi ahıl vətəndaşlarımızı nəzərdə tutur.

Çünki 1 milyon qaçqının və məcburi köçkünün çadır şəhərciklərində yaşadıqları dövrdə onlardan bəzilərinin vaqonda yaşamasını başa düşmək olurdu. Amma qalibiyyətimizin 5-ci ilində Qarabağa qoyulan investisiyalar, rayonlarda, qəsəbələrdə, şəhərlərdə yaradılan şərait fonunda kiminsə indiyədək vaqonda qalması məhz Komitə sədri Rövşən Rzayevin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun birbaşa diqqətsizliyi hesab olunmalıdır.

Doğrudur, hələ bu ilin mart ayında Komitə sədri Rövşən Rzayev könüllü olaraq Ağdam rayonuna köçmək istəyən məcburi köçkünlərə müraciət etmişdi. Hətta KİV-lərə açıqlamasında könüllü olaraq Ağdama köçmək istəyən məcburi köçkünlərin həmin rayonda dövlət tərəfindən tikiləcək mənzillərdə yerləşdiriləcəyini demişdi.

R.Rzayevin bu təklifinə Bakının Nərimanov rayonundakı yataqxanada məskunlaşan Ağdamdan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Ağamirzəyev Kəmaləddin Əbdülhüseyn oğlu dərhal müsbət cavab vermişdi. Komitə sədri həmin məcburi köçkünün ad-soyadını və əlaqə telefonunu qeyd edərək tezliklə onunla əlaqə saxlayacağını və onun Ağdam rayonunun işğal olunmamış ərazilərindən birində müasir standartlara uyğun şəkildə inşa olunacaq evlə təmin ediləcəyini bildirmişdi.

NOCOMMENT.az olaraq düşünürük ki, Rövşən Rzayevin həmin siyahısına şəkər xəstəsi olan Elduzaə Əliyevanın adı mütləq daxil edilməlidir.

Xatirinizdədirsə, 2023-cü il avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun Zabux kəndində sakinlərlə görüşərkən ən yaşlı sakinlərdən olan Qəribə Həsənova şəhid olmuş oğlunun ailə üzvlərinə veriləcək evin onun evinin yaxınında olmasını xahiş etmişdi. Məlum olmuşdu ki, ahıl qadın kəndə köçürülsə də, onun gəlini və nəvələri Xırdalanada qalıblar.

Prezident İlham Əliyev məsələ ilə bağlı dərhal Rövşən Rzayevə tapşırıq verdi: “Onlar, əlbəttə, gələcəklər. Yəni, bütün zabuxlular gələcək. Nənənin yaxın qohumları da gələcək yəqin ki, bir müddətdən sonra. Xahişi odur ki, onların da yeri ona yaxın olsun. Onu təşkil edərsiniz”.

Komitə sədri Rövşən Rzayev tapşırığın yerinə yetiriləcəyini söylədi. Məgər bunu etmək üçün mütləq ahıl vətəndaşımızın dövlət başçımıza müraciət etməsi lazım idi? Onsuz da dünyada yaranmış qlobal çağırışlar səbəbindən əsas diqqətini ölkəmizin təhlükəsizliyinin və milli maraqlarının qorunmasına yönəldən dövlət başçımız bu cür həssas məsələlərə də vaxt ayırmamalıdır axı.

Yəqin belə diqqətsizliyin nəticəsidir ki, ölkəmizdə 40 nəfər məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra vahid aylıq müavinət ödənişi edildiyi aşkarlanmışdı. Bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında deyilirdi (Bizim.Media). “Hesablama Palatası tərəfindən əraziləri işğal edilmiş rayonların icra hakimiyyətləri tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunmuş adlı siyahılarda göstərilmiş müavinətin aylıq məbləği ilə onların plastik kart hesablarına köçürülmüş aylıq məbləğləri arasında fərqlərin mövcud olması, ümumilikdə 40 nəfər məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra vahid aylıq müavinət ödənişinin dayandırılmadığı aşkarlanıb”.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadəyə gəlincə isə, 2020-ci ilin iyulunda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazırdı ki, həmin şəxsin rəhbərlik etdiyi fond son bir il ərzində 15 milyon manatlıq 3 tender elan edib. Bu 3 tenderin qalibi isə “AZ.İNŞAAT-M.V.” MMC olub.

“Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyinə təqdim edilmiş sənədlərə görə, “AZ.İnşaat-M.V.” MMC 2007-ci ilin yanvarın 23-də təsis edilib. Əlavələrdə təqdim etdiyim sənədlərdə də qeyd olunduğu kimi şirkətin təsisçisi 100 faizlik pay hüququ ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, bina 29/69 ünvanında qeydiyyatda olan ABBASZADƏ MAHİR TAPDIQ oğludur. Bəli, 2015-ci ildən Milli Məclisin deputatı və 2018-ci ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilmiş Mahir Abbaszadə! Şirkəti təsis etdiyi dövrdə o, “Zaminbank” ASC-nin “Gənclik” filialına rəhbərlik edib. Həmin bankın rəhbəri Nadir İsmayılov barəsində bu ayın əvvəlində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 20 milyon manat vəsaitin mənimsənilməsi ittihamı ilə həbs edilib.

Yeri gəlmişkən, Mahir Abbaszadənin qardaşı, “Nikoil Bank”ın Sumqayıt filialının müdir müavini Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas) da ötən il mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. Lakin deputat qardaşını həbsdən qurtara bilmişdi. Mahir Abbaszadə parlamentdə özünün məcburi köçkün olduğu Laçın rayonunu təmsil edir, o, 1975-ci ildə Laçın rayonunun Güləbrid kəndində anadan olub”, – deyə jurnalist yazırdı.

Onun sözlərinə görə, 2012-ci aprelində Mahir Abbaszadə şirkəti Laçın rayonunun Güləbrid kəndindən olan yaxın qohumu İMRANOV VÜQAR İMRAN oğlunun adına keçirib. “Bəs Vüqar İmranov kimdir? MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDUNUN saytında (//www.sfdi.gov.az/font-haqqinda-rehberlik) qeyd olunur ki, o, 2018-ci ilin noyabrında Mahir Abbaszadə tərəfindən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda direktor müavini vəzifəsinə təyin olunub. Baxın, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda rəhbəri, onun müavini dövlət büdcəsindən ayrılmış külli-miqdarda vəsaiti birbaşa öz ciblərinə yönəldirlər. Həm də çəkinmədən, açıq şəkildə!”.

Necə deyərlər, “no comment”, yəni şərhsiz.

Murad İsgəndər