Son illər Xəzər dənizinin səviyyəsinin azalması, suyun sürətlə geri çəkilməsi müşahidə edilir. Yeni qalıqlar üzə çıxdıqca dənizin suyunun geri çəkilməsi açıq-aydın görünür. Su səviyyəsinin azalması ilə sahilyanı torpaq ərazilərin sahəsi də genişlənib.
Xəzərin səviyyəsi 1990-cı illərin ortalarından etibarən azalmağa başlayıb. Xəzər dənizinin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib.
Mütəxəssislərin fikrincə, Xəzərin qurumasına səbəb ilk növbədə iqlim dəyişikliyidir.
Təxminən 20 il əvvəl Rusiyanın mərkəzi hissəsindən keçən və yağıntılarını Volqa su hövzəsinə tökən Atlantik okeanından daim siklonlar gəlirdi. Bu sular Xəzər dənizinə tökülürdü və dənizin öz buxarlanma balansı, su axını var idi. Hazırda bu siklonlar daha da şimala doğru hərəkət edir və yağıntıları Moskva, Sankt-Peterburq ərazilərinə tökür, Şimal Buzlu Okeanına qarışır. Hazırda isə Volqada su qıtlığı yaranıb, o, çox dayazlaşıb və müvafiq olaraq Xəzər dənizinin də suyu enib.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan ekoloq Rövşən Abbasov bildirib ki, Xəzəryanı Dövlətlərin zirvə toplantısında bu məsələ çox ciddi və prinsipial şəkildə gündəmə gətirilməlidir.
“Hər bir Xəzəryanı dövlətin Xəzər dənizinə nə qədər su daxil etdiyi, bu həcmin illik olaraq hansı miqdarda olması və gələcək illər üzrə proqnozları dəqiq şəkildə razılaşdırılmalıdır.
Bu məqsədlə vahid bir komissiyanın yaradılması vacibdir. Komissiyanın əsas funksiyası Xəzər dənizinə daxil olan su axınlarını mütəmadi şəkildə izləmək, monitorinqlər aparmaq və bu prosesə tam nəzarət etmək olmalıdır.
Monitorinqlər ayrı-ayrı dövlətlərin ərazisində aparılsa da, bu prosesə bütün Xəzəryanı ölkələr birgə nəzarət etməli, bütün tərəflər bu prosesin nəticələri barədə davamlı şəkildə məlumatlandırılmalıdır. Bu cür mexanizmin tətbiqi həm şəffaflığın təmin olunmasına, həm də Xəzər dənizinin ekoloji tarazlığının qorunmasına xidmət edəcək.
Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliklərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu dəyişikliklərin əsas səbəbi kimi tez-tez iqlim dəyişikliyi göstərilsə də, məsələ təkcə bununla izah oluna bilməz. Bəli, iqlim dəyişikliyinin müəyyən təsiri mövcuddur, lakin əsas amil bu deyil.
Əsas səbəblərdən biri Xəzər dənizinə axan çayların, xüsusilə də Volqa çayının suyunun həcminin kəskin şəkildə azalmasıdır”.
Ekspert əlavə edib ki, bu azalma bir neçə amillə bağlıdır:
“İlk növbədə, Rusiya ərazisində Volqa çayının suyu geniş şəkildə götürülür və israf edilir. Suvarma, sənaye və digər ehtiyaclar üçün suyun həddindən artıq istifadəsi çayın Xəzərə axan hissəsində ciddi azalmaya səbəb olur. Bundan əlavə, Volqa çayı boyunca Rusiya ərazisində çox sayda su anbarları tikilib. Bu anbarlardan baş verən buxarlanma və yeraltı sızmalar su itkilərini daha da artırır. Nəticədə Xəzər hövzəsinə daxil olan ümumi su həcmi azalır ki, bu da dəniz səviyyəsinin enməsi ilə nəticələnir”.
“Beləliklə, Xəzərdə müşahidə olunan səviyyə dəyişikliklərinin əsas səbəbi iqlim dəyişikliyi deyil, su ehtiyatlarının düzgün idarə olunmaması, xüsusilə də Volqa çayının suyunun həddindən artıq istifadə olunması və su anbarlarında baş verən itkilərdir. Bu problem kompleks şəkildə araşdırılmalı və müvafiq regional əməkdaşlıqla həll yolları tapılmalıdır”, – Ekoloq qeyd edib.












