Rusiyanın Maqadan vilayətində kömür yatağında uçqun baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, uçqun altında 8 nəfərin qaldığı güman olunur. Kömür mədənində baş verən çökmənin səbəbi sel və əbədi buzlağın əriməsi ilə əlaqələndirilir.
Şirkətin baş direktoru Aleksandr Nesteroviç aprelin 30-da RIA Novosti agentliyinə açıqlamasında bildirib ki, hadisə sel axını nəticəsində baş verib. Onun sözlərinə görə, ərazidə buzlaq qatının əriməsi torpaq sürüşməsinə və nəticədə uçquna səbəb olub.
Direktor qeyd edib ki, ilkin ehtimallara görə, dağıntılar altında səkkiz nəfər qalıb. Onların arasında həm yerli sakinlərin, həm də Rusiyanın digər bölgələrindən gələn şəxslərin olduğu bildirilir.
Hadisə ilə bağlı dərhal xilasetmə işlərinə başlanılıb. Əraziyə təcili yardım briqadaları, xilasedicilər və ağır texnika cəlb olunub. Yaxınlıqdakı Susuman şəhərindən əlavə qüvvələr göndərilib.
Bundan əlavə, Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən hadisə yerinə Mi-8 helikopteri də cəlb edilib. Hazırda mütəxəssislər uçqunun videogörüntülərini analiz edir və vəziyyəti qiymətləndirirlər.
İlkin məlumata əsasən, hadisə nəticəsində qaya sürüşməsi baş verib və 16 nəfərlik heyət, 6 texnika ilə birlikdə axtarış-xilasetmə işlərinə cəlb olunub. Xilasetmə əməliyyatları davam edir.
Turan
NOCOMMENT.az










