İrana bağlı radikal informasiya şəbəkələri və xüsusilə də SEPAH-a yaxın media resursları son günlər yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasını gücləndiriblər.
NOCOMMENT.az xəbər verir ki, həmin təbliğat xəttində əsas iddia bundan ibarətdir ki, guya İrana endirilən zərbələrin bir hissəsi Azərbaycan ərazisindən həyata keçirilib və hazırda Azərbaycanın şimal-qərb istiqamətində İran əleyhinə mümkün quru əməliyyatına hazırlıq gedir.
SEPAH-ın rusdilli teleqram kanalında yayılan məlumatda Azərbaycanın talış bölgələrində güya hərbi qüvvələrin cəmləşdirildiyi, hətta Türkmənistan paytaxtında amerikalı hərbçilərin göründüyü iddia olunur. Həmin paylaşımda İsrailin Suriyada tətbiq etdiyi ssenarini İrana qarşı da həyata keçirmək istədiyi irəli sürülür və İran daxilində iqtisadi problemlərin, sosial narazılıqların dərinləşdirilərək mümkün “yerüstü müdaxilə” üçün zəmin hazırlandığı iddia edilir.

Lakin bu iddiaların heç biri rəsmi faktlarla təsdiqlənmir və Azərbaycan tərəfi bu kimi informasiyaları açıq şəkildə dezinformasiya və siyasi təxribat hesab edir.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında baş vermiş və bölgədə “12 günlük iyun müharibəsi” kimi xarakterizə olunan gərginlik dövründə də SEPAH-a bağlı media şəbəkələri analoji kampaniya aparmışdı. Həmin dövrdə də Azərbaycanın guya İsrail və ABŞ-la birlikdə İran əleyhinə fəaliyyət göstərdiyi iddiaları dövriyyəyə buraxılmışdı. Ancaq o zaman İranın rəsmi hakimiyyəti – prezident Məsud Pezeşkian, hökumət nümayəndələri və ali dini rəhbərliyə yaxın çevrələr bu iddiaları təsdiqləməmiş, əksinə, münasibətləri gərginləşdirməyən mövqe sərgiləmişdilər.
Hazırkı mərhələdə də İran hökumətinə yaxın siyasi çevrələrin Azərbaycana münasibətdə daha ehtiyatlı və realist yanaşma nümayiş etdirdiyi müşahidə olunur. Tehran rəsmiləri Azərbaycanın çətin dönəmdə İrana göstərdiyi humanitar və logistik dəstəyi gizlətmirlər. Azərbaycan müharibə və böhran şəraitində İran üçün mühüm tranzit və əlaqə platformalarından biri rolunu oynayıb. Hətta Rusiyadan İrana yönələn humanitar yüklərin və dəstək kanallarının açıq saxlanılmasında da Bakı mühüm rol oynayıb.
Bütün bunların fonunda SEPAH-a bağlı deputatların, keçmiş məmurların və radikal-mühafizəkar dairələrin Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparması regionda onsuz da həssas olan münasibətlərə zərbə vurur. Eyni təbliğat dalğasında bu dəfə Türkmənistanın da hədəfə alınması diqqət çəkir. Bu isə göstərir ki, məsələ real təhlükəsizlik narahatlığından daha çox daxili siyasi və ideoloji təbliğat xarakteri daşıyır.
Azərbaycan uzun illərdir İranla münasibətlərdə qonşuluq, qarşılıqlı hörmət və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qaldığını nümayiş etdirib. Rəsmi Bakı heç vaxt İran əleyhinə platformaya çevrilmədiyini dəfələrlə bəyan edib. Belə bir şəraitdə Azərbaycana qarşı böhtan kampaniyası aparmaq, xüsusilə də regionda təklənmə riski ilə üzləşən Tehran üçün strateji baxımdan düzgün seçim hesab edilmir.
![]()
Ümid edilir ki, İranın seçilmiş prezidenti Məsud Pezeşkian və onun komandası SEPAH-a bağlı informasiya şəbəkələrinin yaratmağa çalışdığı gərginliyin qarşısını almaq üçün daha aydın və prinsipial mövqe ortaya qoyacaq. Çünki regionun hazırkı mürəkkəb mərhələsində Bakı-Tehran münasibətlərinin qorunması həm Azərbaycan, həm də İran üçün həyati əhəmiyyət daşıyır.//musavat.com









