Azərbaycanda ali təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun yoxlanılması məqsədilə mütəmadi olaraq həyata keçirilən institusional və proqram akkreditasiyaları son dövrlər cəmiyyətin diqqət mərkəzindədir. Xatırladaq ki, daha əvvəl Bakı Qızlar Universitetinin akkreditasiyadan keçmədiyi üçün fəaliyyətinin dayandırılması istiqamətində qərar qəbul edilmişdi. Lakin ictimaiyyəti narahat edən əsas məqam odur ki, ölkədə akkreditasiyadan keçməyən, fəaliyyəti mənfi qiymətləndirilən digər ali təhsil müəssisələri də mövcuddur, lakin onların adları gizli saxlanılır və həmin universitetlərə hər il tələbə qəbulu davam etdirilir. Bu isə gələcəkdə həmin ali məktəblərə qəbul olunan minlərlə gənc və onların valideynləri üçün ciddi hüquqi və akademik problemlər yaradacağı deməkdir. Dövlət standartlarına cavab verməyən bir təhsil ocağının fəaliyyətini davam etdirməsi və abituriyentlərin bu barədə məlumatsız olması birmənalı olaraq narahatlıq doğurur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Fuad Hacıyev qeyd edib ki, akkreditasiyadan keçməyən ali təhsil müəssisələrinin adlarının ictimaiyyətdən gizlədilməsi və onlara hələ də tələbə qəbulunun aparılması yolverilməz haldır, çünki bu, gələcəkdə minlərlə gəncin həyatı ilə oynamaq deməkdir: "Əgər hər hansı bir universitet aparılan yoxlamalar nəticəsində dövlət təhsil standartlarına cavab vermədiyini göstəribsə və akkreditasiya komissiyasının rəyinə görə mənfi qiymətləndirilibsə, bu məlumat heç bir halda ictimaiyyətdən gizlədilməməli, əksinə, qəbul kampaniyasından əvvəl açıq şəkildə elan olunmalıdır; əks təqdirdə, abituriyentlər xəbərsiz şəkildə bu cür ali məktəbləri seçir, illərlə maddi və mənəvi sərmayə qoyurlar, sonda isə əllərində heç bir hüquqi qüvvəsi olmayan diplomla və ya təhsili yarımçıq qalmış şəkildə ortada qalırlar". Onun sözlərinə görə, mövcud qaranlıq mühit yalnız tələbələrin deyil, ümumilikdə ölkənin ali təhsil sisteminin nüfuzuna kölgə salır: "Təhsil Nazirliyi və müvafiq qurumlar şəffaflıq prinsipini rəhbər tutaraq akkreditasiyadan keçə bilməyən bütün universitetlərin, filialların və ya ixtisas proqramlarının siyahısını dərhal açıqlamalıdılar ki, vətəndaşlar övladlarının gələcəyini planlaşdırarkən hansı riski aldıqlarını dəqiq bilsinlər; əgər hansısa ali məktəb nöqsanlarını aradan qaldıra bilmirsə, onun fəaliyyəti qəti şəkildə dayandırılmalı və abituriyent axınının qarşısı vaxtında alınmalıdır".
Məsələ ilə bağlı Elm və Təhsil nazirliyinin mətbuat xidmətinə artıq günlərdir ki, sorğu göndərmişik. Lakin üzərindən 5 gün keməsinə baxmayaraq nazirlik sorğumuzu cavablandırmaqdan yayınır.
Tunar,











