"Vahid Hasano" adı ilə tanınan azərbaycanlı bloger Vahid Həsənov növbəti dəfə yol-nəqliyyat hadisəsi ilə üzləşib.
NOCOMMENT.az xəbər verir ki, hadisə blogerin kamp (camping) səfərinə yollandığı vaxt baş verib.
Vahid Həsənovun sözlərinə görə, o, idarə etdiyi "Toyota" markalı yolsuzluq avtomobili ilə hərəkətdə olarkən gözlənilmədən sükan mexanizmi qaynaq yerindən qopub. Nasazlıq səbəbindən avtomobil idarəetmədən çıxıb və aşıb.
Qəza anını sosial şəbəkə hesabında paylaşan bloger avtomobildə ciddi maddi ziyanın yarandığını göstərib. Hadisə zamanı onun sağ qalması izləyiciləri tərəfindən möcüzə kimi qiymətləndirilib. İlkin məlumata görə, hadisə nəticəsində insan tələfatı olmayıb.
Qeyd edək ki, bu, Vahid Həsənovun son aylarda keçirdiyi ilk qəza deyil. Təxminən iki ay əvvəl o və həyat yoldaşı Həsti Həsənova Tailandda istirahətdə olarkən mopedlə qəzaya düşmüşdülər. Həmin hadisə zamanı Vahid Həsənov ağır xəsarətlər almış, onun 9 qabırğasının və körpücük sümüyünün sındığı, çiynində isə çat olduğu açıqlanmışdı.
Hazırda blogerin son vəziyyəti ilə bağlı əlavə rəsmi məlumat paylaşılmayıb. Hadisənin dəqiq səbəbləri və avtomobildə yaranan texniki nasazlığın təfərrüatları araşdırılır.

Turan
NOCOMMENT.az











