Məktəblərdə saxta “əlaçı” qalmaqalı? - 513 məzunun nəticəsi şok yaratdı

Məktəblərdə saxta “əlaçı” qalmaqalı? - 513 məzunun nəticəsi şok yaratdı

“Ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0-200 bal aralığı nəticə qazanıb. Onlardan 32 nəfəri isə ümumiyyətlə 0-100 bal aralığı nəticə qazanıb. Bu qanunsuzluğa hansı məktəb direktoru göz yumub və hansı səbəbdən?”

Bu barədə “Yeni Sabah”a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, həmin statistik göstəricilər Dövlət İmtahan Mərkəzinin 13-cü saylı abituriyent jurnalına əsaslanır. Ekspert ümumi təhlilləri araşdırarkən bu məqamın diqqətini çəkdiyini qeyd edib:

“Belə ki, imtahan verən məzunlar arasında 513 nəfər əlaçı olmasına baxmayaraq, onların nəticələri 0-200 bal aralığında olub. Daha diqqətçəkən məqam isə odur ki, həmin şagirdlərdən 9 nəfəri ümumiyyətlə 0-100 bal aralığında nəticə göstərib. Bu vəziyyət haqlı olaraq sual yaradır: əgər bu şagirdlər əlaçıdırsa, necə olur ki, qəbul imtahanında bu qədər aşağı nəticə əldə edirlər?”

E. Əfəndinin sözlərinə görə, belə hallarda müxtəlif ehtimallar ortaya çıxır:

“Ola bilər ki, məktəbdaxili qiymətləndirmə obyektiv aparılmayıb, qiymətlər şişirdilib və ya digər təsirlər mövcud olub. Hətta bəzi hallarda valideynlərin məktəbdə işləməsi və ya müxtəlif əlaqələrin qiymətləndirməyə təsir etməsi barədə şübhələr də yaranır. Mənim fikrimcə, bu məsələ mütləq araşdırılmalıdır. Dövlət İmtahan Mərkəzində məzunların hansı məktəblərdən olduqları barədə məlumatlar mövcuddur”.

Ekspert vurğulayıb ki, buna görə də aidiyyəti qurumlar həmin məktəbləri araşdırmalı, qanunsuzluqlara yol verən şəxslər müəyyən edilərsə, onlar barəsində ciddi tədbirlər görülməlidir:

“Məktəbdə verilən qiymətlər şagirdin real bilik səviyyəsini əks etdirməlidir. Qiymətlər formal və ya şişirdilmiş olmamalıdır. Əgər bir şagirdə bütün fənlərdən "5" yazılırsa, lakin o, imtahanda çox zəif nəticə göstərirsə, bu, qiymətləndirmə sistemində problem olduğunu göstərir. Ana dilini belə minimum səviyyədə bilməyən bir şagirdə ən yüksək qiymətin verilməsi ciddi suallar doğurur. Bu səbəbdən də belə hallar diqqətlə araşdırılmalı və qiymətləndirmədə şəffaflıq təmin edilməlidir”.