“Həm kədərli, həm də zəruri bir proses. Risklər və gözləntilər. Ölkədə rəqəmsal sektorda eyni anda iki paralel proses gedir: həm sürətli rəqəmsal transformasiya, həm də bir qədər kədərli olan yaddaşların transformasiyası. Uzun illər ərzində qurulan, formalaşan rəqəmsal resurslar bir anda yoxa çıxır və daha böyük platformalara inteqrasiya olunur”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, dövlət xidmətlərinin rəqəmsallaşması prosesində köklü dəyişikliklər müşahidə olunmaqdadır:
“Bir neçə gün öncə uzun illər fəaliyyət göstərən e-Sosial mobil tətbiqi fəaliyyətini dayandırdı. Bu resurs myGov platformasına miqrasiya edib. Bu, əlbəttə ki, dövlət xidmətlərinin mərkəzləşdirilməsi və optimallaşdırılması baxımından məntiqli və qaçılmaz addımdır. Yaxın dövrdə digər dövlət rəqəmsal resurslarının da eyni taleyi yaşayacağı görünür. Amma bu prosesin görünməyən tərəfi də var. Bu tip tətbiqlər sadəcə proqram deyildi. Onlar illərlə formalaşmış təcrübə idi. Böyük komandaların zəhməti, səhvlərdən çıxarılan dərslər, yığılan bilik idi. Səhər işə gəlib illərlə işlədiyin sistemi artıq görməmək insan üçün sadəcə texniki dəyişiklik deyil - bu, psixoloji boşluq, dəyər itkisi hissi yaradır. Burada məsələ təkcə bir resursun bağlanması deyil. Söhbət həmin resursla birlikdə formalaşmış dəyərlərin itirilməsi riskindən gedir”.
O.Gündüz qeyd edib ki, mərkəzləşmə kadr potensialına mənfi təsir etməməli və peşəkarlar prosesdən kənarda qalmamalıdır:
“Digər ciddi risk isə İT sektorunda kadr axını ilə bağlıdır. Onsuz da son illər ölkədə İT sektorda beyin axını güclənib. Bu tip mərkəzləşmə prosesləri fonunda front-end və mobil mütəxəssislər, analitiklər, developerlər üçün iş imkanlarının azalması və ya motivasiyanın düşməsi riski realdır. Bu baxımdan yanaşma dəyişməlidir. Fəaliyyəti dayandırılan və ya dayandırılacaq dövlət resurslarının komandaları qorunmalıdır. Onların təcrübəsi yeni platformalara transfer edilməlidir. Bu mütəxəssislər kənarda qalmamalı, əksinə yeni ekosistemin əsas daşıyıcılarına çevrilməlidir. Son 30 ildə İT sektorda bir neçə dəfə böyük işsizlik dalğaları olub. Xüsusən də devalvasiyadan sonra belə hal müşahidə olunmuşdu. Ümid edirəm ki, qərar qəbul edənlərimiz də hazırda baş verənlərin fərqindədirlər. İnsan kapitalı, təcrübə və motivasiya itərsə, onu yenidən yaratmaq daha çətin olacaq”.











