"Qərəz nədədir? O qərəzi maddə-maddə mənə izah etsin."
NOCOMMENT.az xəbər verir ki, bu sözləri əməkdar jurnalist, hüquq müdafiəçisi Azər Həsrət BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli ilə bağlı danışan zaman səsləndirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Türk dünyası ilə bağlı verdiyi mesaj Azərbaycanın xarici siyasi kursunu aydın şəkildə ortaya qoyur və Avropa Şurasının Qarabağ məsələsində nümayiş etdirdiyi mövqe illərdir qərəzli olub: "Prezident İlham Əliyev açıq şəkildə dedi ki, 'Biz bir ailəyik, bizim ailəmiz Türk dünyasıdır. Biz başqa ailə axtarmırıq.' Prezidentin də dediyi kimi, Qarabağ məsələsinin həllində onlardan dəstək gözləyirdik. Amma biz oradan yalnız qərəz gördük."
Azər Həsrət bildirib ki, onun səsləndirdiyi fikirləri qərəzli adlandıranlara konkret sualı var:
"İndi Qulu Məhərrəmli kimi adamlar çıxıb deyirlər ki, Azər Həsrət qərəzli danışır. Qərəz nədədir? Mən həmin professordan xahiş edirəm ki, o qərəzi maddə-maddə mənə izah etsin: harada qərəz var, harada yanlış var?"
O qeyd edib ki, fikirləri sərt səslənsə də, onları radikal hesab etmir: "Mənim ifadələrim sərt ola bilər. Kiminsə xoşuna gəlməyə bilər. Xüsusilə də Moskvanın və Moskvanın uzantılarının xoşuna gəlməyə bilər. Amma özünü milli mövqedən hesab edən insanların da belə şərhlər verməsi, əlbəttə ki, xoş deyil."
Azər Həsrət əlavə edib ki, bəzi şəxslər eyni mövqeni daha yumşaq formada ifadə etməyə çalışırlar: "Əslində, Qulu Məhərrəmli də mənim dediyimi deyir. O da eyni fikri səsləndirir, sadəcə, bunu daha yumşaq formada ifadə edir. Bəziləri çalışırlar ki, 'nə şiş yansın, nə kabab', hamının xoşuna gəlsin."
Sonda jurnalist onun fikirlərini radikal kimi təqdim edənlərin məqsədli şəkildə hərəkət etdiyini iddia edib: "Mən əslində fikirlərimi kifayət qədər mədəni şəkildə ifadə etmişəm. Sadəcə, bunu radikallıq kimi təqdim edənlər var. Moskvadan təlimatlandırılan bir kəsim fəaliyyət göstərir. Onlara deyilir ki, 'Azər Həsrət nə danışsa, onu tənqid edin, təhqir edin, gözdən salın, demədiyi sözləri də onun adına çıxıb paylaşın.'"
Sara,
NOCOMMENT.az












