Tibb müəssiəsələri ilə bağlı QƏRAR VERİLDİ - Məcburi olaraq...

Tibb müəssiəsələri ilə bağlı QƏRAR VERİLDİ - Məcburi olaraq...

Tibb Rəqəmsal Əkiz Sisteminin tam fəaliyyət göstərməsi üçün bütün tibb müəssisələrinin sistemə qoşulması və məlumatları ötürməsi üzrə öhdəliklər müəyyən ediləcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə müvafiq işlər aparılır və qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur.

Mütəxəssis bildirib ki, bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərin edilməsi planlaşdırılır.

O qeyd edib ki, dəyişikliklər respublika ərazisində fəaliyyət göstərən bütün tibb müəssisələrini, eləcə də özəl tibbi fəaliyyətlə məşğul olan qurumları əhatə edəcək. Həmin müəssisələrin Tibb Rəqəmsal Əkiz Sisteminə qoşulması və vətəndaşların sağlamlıq məlumatlarını sistemə ötürməsi ilə bağlı öhdəlikləri olacaq.

Mütəxəssisin sözlərinə görə, bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə də əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. O bildirib ki, qanunvericilikdə nəzərdə tutulan yeniliklər tibb müəssisələrinin sistemə inteqrasiyasını və pasiyent məlumatlarının vahid platformaya ötürülməsini təmin etməyə yönəlib.

O vurğulayıb ki, gələcəkdə bütün tibb müəssisələri üçün sistemə qoşulmaq və tələb olunan məlumatları təqdim etmək hüquqi öhdəlik kimi müəyyən ediləcək.\\bakivaxti