ABŞ Prezidenti Donald Trampın İranla bağlı strateji kursunun detalları gün üzünə çıxmağa başlayıb. Nüfuzlu “Axios” portalı Ağ Ev administrasiyasındakı yüksək rütbəli məmura istinadən xəbər verir ki, Tramp İranla hərbi qarşıdurmanı davam etdirmək niyyətində deyil, lakin lazım gələrsə, döyüş əməliyyatlarını bərpa etməyə tam hazırdır.
NOCOMMENT.az xəbər verir ki, ABŞ rəsmisinin sözlərinə görə, Tramp artıq bu münaqişənin tamamilə yekunlaşmasını istəyir: “O, artıq bununla bitirdi. Hər şeyin tamamlanmasını arzulayır. Lakin İranın Hörmüz boğazı üzərindəki nəzarətindən Yaxın Şərqdə təzyiq rıçağı kimi istifadə etməsi onun xoşuna gəlmir. İrana imkan vermək istəmir ki, bu məsələni bizim başımızın üzərində təhdid kimi saxlasın. O, artıq müharibə etmək istəmir, lakin özünü buna məcbur hiss edərsə, döyüşəcək”.
Mənbə həmçinin qeyd edir ki, Tramp diplomatik yolla “uyğun sövdələşmə” əldə etmək üçün kompromislərə də hazırdır. Bu çərçivədə, ABŞ liderinin İranın dondurulmuş maliyyə vəsaitlərini sərbəst buraxmaq ehtimalı olduqca yüksək qiymətləndirilir. Beləliklə, Vaşinqton “maksimum təzyiq” və “maliyyə stimulu” arasında balans yaradaraq Tehranı yeni bir sazişə razı salmağa çalışır.
Sara,
NOCOMMENT.az









