Yoxuş aşağı itələnən media…backend

Yoxuş aşağı itələnən media…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan illər öncə Qafqazın ən güclü media quruluşu olan ölkəsi sayılırdı. Ancaq doxsanıncı ildən başlayaraq bu prosesdə ciddi problemlər yaşandı.

Indi müstəqil medianın daha güclü olması üçün mübarizə aparılmayıb fikrini eşitmək, o qədər də xoş olmur. O mübarizə aparılıb. Indi sizə qısaca o xronologiyanı təqdim edirəm.

Ölkə mediasını indiki vəziyyətdən, dalana dirənmiş durumdan, ancaq o problemlərin geriyə çevirməklə, xilas edə bilərik.
Bu işdə, dövlətimizin ədalətli qərar verəcəyinə əminəm. Inanıram ki, qısa zaman kəsiyində medianın vəziyyətindən dolayı qərarlar sürətlə veriləcək. Bu prosesin tənzimlənməsi üçün, ikinci dönəm müstəqillik illərinin qısa tarixini ciddi bilmək və ya prosesi bilənlərlə mütləq ciddi danışıqlara başlamaqda fayda var.

Böyük bir sektoru çökəltmək üçün:
– Çap mediasına kağız qıtlığı yaradıldı.
– Alternativ media quruluşları, “Kaspi”, “Palitra”, “Azadinform” yaradıldı ki, yazarlar işsiz qalmasın, yəni kütləvi narazılıqlar yaranmasın.
Xatırladıram, “Azadlıq” qəzetinin doxsanlardakı böyük bir heyyəti, məhz “Kaspi”də çalışdı ehtiyaclar üzündən.
-Iqtisadi sanksiyalar tətbiq olundu, verigilər artırıldı. Hesabların dondurulması problemi belə yaşandı.
-Senzura tətbiqinə start verildi.
-Reklam bazarı bağlandı.
-KIV haqqında qanunvericilik bazası zəiflədildi. Jurnalistlərin və KIV-lərin bir çox hüquqları məhdudlaşdırıldı.
-Xarici qrantlar kəsildi. Yerli media və QHT sektoru üçün Milli QHT Şurası quruldu.

QEYD: Məqsəd o idi ki, yerli QHT və medianın maliyyəsini verməyə paralel, həm də dövlət ona nəzarət edə bilsin.

Əslində böyük bir maliyyə üzərində, ciddi inhisar yarandı. Deyilə bilər ki, axı xarici qrantlar da böyük təhlükə idi. Bəli, təhlükə idi. Amma maliyə mənbələri bəlli idi və dövlətin əlində prosesə də, maliyyə sərfiyyatına da ciddi nəzarət imkanları mövcud idi. Odur ki, bu məhdudlaşmanı təsadüf hesab etmək olmaz. Çünki həmin xarici qrantları indi Avropa və Qərbdəki anti-Azərbaycan mövqeli, azərbaycanlı mühacirlərdən ibarət KIV-lər və söyüş müxalifətinə yönəldilib.

…Qayıdaq medianı yoxuş aşağı itələnməsi prosesinə…
– Jurnalistlərə qarşı kütləvi təzyiqlər başlandı. Fiziki zorakılıq, cinayət işləri, həbslər, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq kimi ittihamlar səsləndi. Bu milli medianı ictimai nüfuzdan salmağa yönəlik plan idi.
-Yaranan durumla bağlı KIV-lər etiraz aksiyasına başladılar.
– Rus və ingilis dilli media demək olar tamamilə sıradan çıxatıldı.
-Bu prosesin lap əvvəlində Mətbuat və Informasiya Nazirliyi ləğv edildi.
Qeyd: Nazir Sirus Təbrizlinin yaşadığı və üzləşdiyi presinqlərə ürəyi tab gətirmədi. Indi o həyatda olmasa da ailəsi Sirus bəyə edilənləri yəqin ki, unutmaz.
***
Bir dönəm dövlətlə KIV-in danışıqları başlandı. Bu danışıqlar Azərbaycanda həm də məmur mediasının bünövrəsini qoydu.
Nəticə o oldu ki, ölkədə fəaliyyət göstərən xarici KIV-lərin rəsmi fəaliyyətinə xitam verildi. Bunun nəticəsində indi Azərbaycanda xarici KIV-lərə çalışan küçə reportyorları fəaliyyətə başladı. Indi dövlət onlara peşəkar fəliyyətinə, nə də maliyyə qaynaqlarıns nəzarət edə bilir.

Azərbaycan milli mediasının “vurulması” həm də xidmət etdi ki, Azərbaycan regional və beynəlxalq informasiya savaşında ləngidi. Içində olduğu prosesdə öz maraqlarını yetərincə təmsil edə və öz strategiyasını səmərəli qura bilmədi. Indi biz bu işdə qardaş Türkiyədən dəstək almağa məcburuq. Öz mediamızı isə bu savaşın təşkilatçıları “satqın, şərəfsiz, ləyaqətsiz, rüşvətxor” adlandırdı.

Indi məqam odur ki, bu sadalananlardan ölkənin media sekyorunu kurasiya edənlər ciddi nəticələr çıxarsın. Qanunvericilikdə dəyişiklik olmazsa, iqtisadi presinq aradan qaldırılmazsa, reklam bazarı açılmazsa heç nə dəyişməyəcək. Çıxış yolu çoxlu sayda yeni KIV-lər yaratmaqda deyil. Ideoloji xətti müəyyən etməkdə və sadalanan üç element nəzərə alınmaqdadır.

Buna paralel, müstəqil və tənqidi mediaya meydan verilməlidir. Rusdilli və ingilisdilli medianı inkişafı üçün layihə hazırlanmalıdır. Milli media simaları, hətta media quruluş rəhbərlərini belə, ciddi şəkildə “ələməlidir”.

Jalə Mütəllimova
15.09.2020