Azərbaycanda valideynlər arasında özəl məktəblərin seçimi məsələsi son illərdə aktuallaşmış və geniş müzakirələrə səbəb olmuşdur. Ölkədə fəaliyyət göstərən özəl təhsil müəssisələri tədris keyfiyyəti, beynəlxalq proqramların tətbiqi, dil bacarıqlarının inkişafı və məzunlarının gələcəkdə əldə etdiyi uğurlarla diqqət çəkir. Valideynlər övladlarının təhsil alacağı məktəbi seçərkən bir çox faktorları nəzərə almalıdırlar.
Maraqlıdır, Azərbaycanın ən yaxşı özəl məktəbləri siyahısına hansılar daxildir?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov AzEdu.az-a açıqlama verib.
Ekspert bildirib ki, özəl məktəblər arasında seçim edərkən uşağın maraq və qabiliyyətlərini nəzərə almaq, məktəbin təqdim etdiyi imkanlarla övladın şəxsi inkişafını uzlaşdırmaq vacibdir.
“Azərbaycan Beynəlxalq Məktəbi (TISA) ölkənin ən nüfuzlu təhsil müəssisələrindən biri hesab olunur. Bu məktəbdə tədris yalnız ingilis dilində aparılır və beynəlxalq mühit təmin edilir. Yüksək standartları və müasir infrastrukturu ilə fərqlənən TISA-da illik təhsil haqqı əhəmiyyətli məbləğdədir, lakin bu, valideynlərin övladlarına mükəmməl təhsil vermək arzusu qarşısında maneə yaratmır. Məktəbin tədris proqramı və əlavə fəaliyyətlər şagirdlərin intellektual, yaradıcı və sosial bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
Bakı Oksford Məktəbi də valideynlər tərəfindən geniş maraq görən təhsil müəssisələrindən biridir. Tədrisin ingilis dilində aparılması, dərs proqramlarının beynəlxalq standartlara uyğunluğu və fərdi yanaşma bu məktəbi xüsusilə populyar edir. Qiymətə qidalanma və dərnəklərin daxil edilməsi valideynlərin seçimlərini asanlaşdıran amillərdəndir.
Avropa Azərbaycan Məktəbi özəl təhsilin digər bir uğurlu nümunəsidir. Müasir texnologiyalarla təchiz olunmuş bu məktəbdə şagirdlərə həm yerli, həm də beynəlxalq təhsil proqramları təqdim olunur. Məktəbin məzunları beynəlxalq universitetlərə qəbul olunmaq üçün geniş imkanlar əldə edirlər.
“XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi də öz tədris keyfiyyəti ilə seçilir. Bu məktəbin müxtəlif bölmələrində təhsil haqqı fərqlidir və burada valideynlərə qidalanma, məktəb forması və dərnəklər kimi xidmətlər də təklif olunur. Müxtəlif dillərdə tədris aparılması məktəbin üstünlüklərindən biridir.
“Kaspi” Liseyi də geniş tanınan özəl təhsil müəssisələrindən biridir. Burada təhsil haqqı digər məktəblərlə müqayisədə daha əlverişli olsa da, tədrisin keyfiyyəti yüksək səviyyədədir. Məktəb şagirdlərə həm akademik, həm də yaradıcılıq yönümlü fəaliyyətlər təklif edir.
“Hədəf” Liseyi şagirdlərin həm təhsil, həm də sosial bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar təqdim edir. Məktəbin proqramında şagirdlərin maraqlarına uyğun dərnəklər və əlavə fəaliyyətlər mövcuddur.
Oxbridge Academy, SABIS® SUN International School və Bakı Fransız Liseyi kimi digər özəl məktəblər də öz unikallığı ilə seçilir. Bu məktəblər beynəlxalq təhsil standartlarına uyğun proqramlar tətbiq edir, şagirdlərə çoxdilli tədris mühiti yaradır və onların dünya miqyasında rəqabətədavamlı biliyə sahib olmasını təmin edir.
Valideynlər məktəb seçərkən yalnız təhsil haqqına və tədris proqramına deyil, həm də məktəbin yerləşdiyi ərazi, nəqliyyat xidmətləri, qidalanma şəraiti və tədris mühitinə də diqqət yetirməlidirlər. Özəl məktəblər arasında seçim edərkən uşağın maraq və qabiliyyətlərini nəzərə almaq, məktəbin təqdim etdiyi imkanlarla övladın şəxsi inkişafını uzlaşdırmaq vacibdir. Bu, uşağın məktəbdə daha yaxşı nəticələr əldə etməsinə və daha sağlam mühitdə böyüməsinə kömək edəcək”.