Gürcüstan Daxili İşlər Nazirliyinə radikal müxalifətin resurslarını zərərsizləşdirmək üçün beş gün vaxt lazım olub.
NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Bununla da baş nazir iddia edir ki, hakimiyyət Ukrayna Maydanının təkrarlanmasının qarşısını ala bilib.
“Müharibə Partiyası seçkilərdə qalib gəlməyi planlaşdırdığı müharibənin simulyasiyasını təşkil etdi, biz Rustaveli prospektində onun kiçik simulyasiyasını gördük. Bununla belə, gördünüz ki, Daxili İşlər Nazirliyinə radikal müxalifətin resurslarını zərərsizləşdirmək üçün düz beş gün vaxt lazım idi”, – cənab Kobaxidze hökumətin iclasında deyib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 28-dən bu yana keçirilən etiraz aksiyalarında 400 nəfər saxlanılıb. Bu müddət ərzində 150 polis əməkdaşı yaralanıb. “Gürcü Arzusu”nun Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanmasını 2028-ci ilə qədər dayandırmaq qərarına görə etirazlar yenidən başlayıb. Etiraz aksiyaları etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma ilə müşayiət olunub: birincilər pirotexniki vasitələrdən, onlara qarşı isə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.