Elşən Bədirxanov
İdarəetmə üzrə konsultant və təlimçi
Hər bir fəaliyyətə sadiqliyin arxasında ciddi motivasiya durur. Müəlliflərdən biri zarafatyana deyirdi ki, dünyada ən motivasiyalı şəxs ayaqyoluna tələsən insandır. Heç görmüsüz ki, belə insan yarıyolda niyyətindən əl çəksin, müxtəlif bəhanələrlə istədiyini ertələsin? Deməli, kitab oxumağa vaxt tapmayan insanların buna kifayət qədər motivasiyası yoxdur.
NOCOMMENT.az bu barədə valyuta.az-a istinadən xəbər verir.
Əvvəl yəqin ki, “Niyə mütaliə etməliyəm?” sualına cavab tapmaq lazımdır. Mən il ərzində orta hesabla 50 kitab oxuyuram (söhbət, demək olar ki, tamamilə biznes və elmi-populyar ədəbiyyatdan gedir). Bunu niyə edirəm? Əvvəlcədən deyim ki, oxuma prosesindən heç zövq almıram, məqsədim ilk növbədə təlim və konsultasiya fəaliyyətimlə bağlı yeni biliklər əldə etməkdir. Dünyagörüşümün genişlənməsi də mənim üçün önəmli səbəblərdəndir. Sizin motivatorlarınız fərqlənə bilər. Bunun alternativləri varmı? Məqalələr, podkastlar, videolar da bu rolu oynaya bilər. Kitab qədər dərin olmasa da, daha tez həzm edilir.
Çalışdığım son şirkətlərdə müxtəlif yollarla mütaliəni daim təşviq edirdim. Prosesə qoşulanlarla yanaşı, müxtəlif bəhanələrlə yayınanlar da çox idi: işdən gec və yorğun gəlirəm, şənbə-bazar şəxsi işlər olur, ailəmə vaxt sərf etməliyəm, audiokitab dinləyə bilmirəm, elektron kitab oxuyanda gözüm ağrayır və s. bəhanələr eşidirdim. Nəyisə istəməyən insanın müqavimət formaları müxtəlif olur. Bəziləri hətta inanmırdılar ki, doğrudan da bu qədər kitab oxuyuram. Əslində isə, mütaliə, idman və digər belə məşğuliyyətləriniz yaxınlarızla münasibətə və işinizə nəinki mənfi təsir göstərməz, hətta müsbət təsir edə bilər. Onlardan boş vaxtlarını necə keçirdikləri barədə maraqlananda məlum olurdu ki, bəziləri həftədə 3 dəfə əsasən dostları ilə ziyafətdə olur, digərləri həftədə bir neçə filmə baxır, yaxud saatlarla sosial şəbəkələrdə vaxt keçirirlər. Tövsiyəm belə olurdu. Əvvəl güclü motivatorunuzu tapın, bu olsa, maneələri dəf etməyin yollarını tapacaqsız. Kitab oxuyub-oxumamaq bir seçim məsələsidir. Həftədə ziyafət, baxdığınız film sayını birə endirsəniz, sosial şəbəklərə və s. az faydalı işlərə ayırdığınız vaxtı azaltsanız, kitab oxumaq üçün həftədə bir neçə saatınız əmələ gələcək ki, bu da ayda 1-2 kitab deməkdir. Üstəlik, yol gedəndə, idman edəndə, fiziki iş görəndə rahat həzm olunacaq məzmunlu audiokitabları dinləməyə özünüzü öyrəşdirin. Əvvəl çətin olur, əsl istək olanda sonradan qaydasına düşür.
Həyatımız, müəyyən mənada, vərdişlərimizin toplusundan ibarətdir. Oxumağı vərdiş etsəniz, işiniz xeyli rahatlaşacaq. Necə? Qayda qəbul edin ki, gündə, misal üçün, filan saatda 30 dəqiqə kitab oxuyacam və yolda 30 dəqiqə audiokitab dinləyəcəm və çalışın ki, bu qaydaya dəqiq riayət edəsiz. 3 həftədən sonra ilkin vərdiş yaranmağa başlayır.
Dediklərimi çoxunuzun bildiyi fikirlə bitirmək istəyirəm: “İstəyən çıxış yolu tapır, istəməyən isə bəhanələr”. Uğurlar!