İSİ-nin gənc alimi Prezident mükafatına layiq görülüb – FOTObackend

İSİ-nin gənc alimi Prezident mükafatına layiq görülüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının elmi işçisi Rüstəm Əzimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 yanvar 2025-ci il tarixli “2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncamına əsasən Prezident mükafatına layiq görülüb.

NOCOMMENT.az xəbər verir ki, sözügedən mükafat Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclərə verilib.

Əzimov Rüstəm Bakir oğlu 1999-cu il mayın 26-da İmişli şəhərində anadan olub. 2016-cı ildə Bakı şəhəri E.Cəlilov adına 272 saylı tam orta məktəbi müvəffəqiyyətlə bitirib. O, 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə həyata keçirdiyi “Biznesin idarə olunması sahəsində bakalavrların hazırlanması, professor-müəllim heyətinin və inzibati işçilərin təkmilləşdirilməsi” üzrə tədris proqramının “Sistem mühəndisliyi” ixtisası üzrə bakalvr ali peşə-ixtisas dərəcəsini bitirib. 2020-ci ildə İdarəetmə Sistemləri İnstitutunda “Kompüter elmləri” ixtisasında “İntellektual sistemlər” ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuş, 2022-ci ildə Fərqlənmə diplomu ilə bitirmişdir.

R.Əzimov 2020-ci ildən etibarən institutun Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasında böyük laborant və kiçik elmi işçi vəzifələrində çalışıb. Hazırda həmin laboratoriyada elmi işçi vəzifəsində işləyir. O, İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavinidir.

Gənc alim, həmçinin ADNSU “eazi START” startap mərkəzində mobil tətbiqlərin hazırlanması üzrə təcrübə proqramında olmuş, “Azİİ-İT Club” mərkəzində təşkil olunan 3 ardıcıl təlimdə iştirak etmişdir. Bundan başqa “data science” sahəsində təcrübə proqramında və “R dilində Maşın Öyrənməsi” təlimində iştirak edib. O, 2 məqalə, 2 konfrans materialı, 2 tezis olmaqla 6 elmi əsərin müəllifidir. Müvafiq elmi işlərində Azərbaycan dilindəki çap əlyazma hərflərinin tanınması nümunəsində şəkillərin tanınması məsələlərində istifadə olunan bəzi əlamətlərin müqayisəsini aparmışdır. O, proqramlaşdırma üzrə təkmilləşmiş, Python, Java, C++ dillərində alqoritmlər işləmiş, birinci tərtib sonlu ölçülü şərtsiz optimallaşdırma üsullarından bəzilərinin proqramlarını işləyib hazırlamışdır. Süni Neyron Şəbəkə, Bükülmə Neyron Şəbəkə, klasterizasiya üsulları haqda biliklərə sahibdir. Hazırda şəkillərin emalında istifadə olunan fərqli yanaşmaları araşdırır.

Qeyd edək ki, 6 dekabr 2024-cü il tarixində İdarəetmə Sistemləri institutunun nəzdindəki ED 1.20 Dissertasiya şurasının iclasında Rüstəm Əzimov 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə “Azərbaycan dilindəki mətnlərin müəllifliyini identifikasiya edən kompüter sistemi üçün alqoritm və proqram təminatının işlənilməsi” (“Development of algorithm and software for a computer system identifying the authorship of texts in the azerbaijan language”) mövzusunda texnika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi dissertasiya işi uğurla müdafiə etmişdir.\\Unikal