Abşeron təhsilində növbəti qalmaqallı iddia gündəmə gəlib.
NOCOMMENT.az xəbər verir ki, AdminTV-nin qaynar xəttinə daxil olan məlumatlara görə, Saray qəsəbə 2 nömrəli tam orta məktəbdən rüşvət səbəbindən işdən azad olunan Səkinə Abbasova hazırda Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə direktor kimi fəaliyyət göstərir və burada da ciddi narazılıqlar doğuran addımlar atır.
Şikayətçilərin iddiasına əsasən, Abbasova Xırdalan məktəbinə qohumluq əlaqələrindən sui-istifadə edərək təyin olunub. Bildirilir ki, o, Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılovun bacısıdır və məhz bu əlaqələr vasitəsilə yeni vəzifəyə gətirilib.
İddialara görə, Səkinə Abbasova direktor təyin olunduğu gündən məktəbdə rüşvət və qeyri-rəsmi pul yığımına şərait yaradıb. Mənbələrin sözlərinə görə, o, müəllimlərdən aylıq haqq, valideynlərdən isə fond pulu, “cari təmir haqqı” və müxtəlif “tədbir təşkilatı” adı altında pul toplamaqla məşğuldur.
Mənbə bildirir ki, Abbasova “Mənim kimi direktor gör hara təyin olunmuşam” ifadəsi ilə kollektiv üzərində psixoloji təzyiq yaradır və toplanan pullar hesabına gələcəkdə “daha yaxşı məktəbə” təyin olunacağını gizlətmir.
Məktəbdə baş verən bu hadisələrdən narazı olan müəllimlər və valideynlər isə iddia edirlər ki, Səkinə Abbasova fəaliyyətini gözdən uzaq, “Mexkalon” adlanan ərazidə yerləşən bu məktəbdə rahat şəkildə həyata keçirir və özünü toxunulmaz hesab edir.
Valideynlər məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə və Təhsil Nazirliyinə müraciət etməyə hazırlaşırlar. Onların tələbi sadədir məktəbdə baş verən rüşvət iddialarına obyektiv araşdırma aparılsın və bu cür hallar kökündən aradan qaldırılsın.













