Azərbaycanda tələbə yataqxanalarının ümumi vəziyyəti xüsusi maraq doğurur. Bəs görəsən, bu sahədə vəziyyət necədir? Təklif və tələbat arasında balans varmı? Ümumiyyətlə, Bakı və regionlarda tələbə yataqxanalarının icarə qiymətləri orta hesabla hansı aralıqdadır?
Mövzunu NOCOMMENT.az-a əmlak eksperti Elnur Azadov şərh edib:

“Hər ölkədə müxtəlif universitetlərin nəzdində fərqli yataqxanalar var. Onalrın əksəriyyəti əsaslı və ya qismən təmir olunub. Sonra bu yataqxanaların cari təmir və istismar məsələləri mövcuddur. Ödənişlər isə bazar dəyərindən xeyli aşağıdır. Çünki tələbələr mənzilin kira haqqı ilə yanaşı xidmət pulu da ödəyirlər. Məsələn, kommunal xidmətləri qeyd edə bilərik. Amma yataqxana dövlətə məxsus olduğundan burada qiymətlər bazar dəyərindən daha ucuzdur. Təxmini hesablamalara görə, yataqxanalar bazarın cəmi 15-20 faizini təmin edə bilir. Bir çox tələbələr isə bu çatışmazlıqlarla üzləşirlər”.
Ekspertin sözlərinə görə, ölkədə mövcud olan yataqxanaların əksəriyyəti Sovet dövrünə aiddir:
“Onların istismarı bitib. Yataqxanaların sökülməsi və onların yerində yenilərinin tikilməsi böyük investisiya demekdir. Bu, həm də tələbələrin problemlərinin həlli istiqamətində atılan mühüm addım ola bilər. Çünki regionlardan gələn tələbələrin çoxu aztəminatlı ailələrdəndir. Bu məsələ investorlar üçün maraqlı olmaya bilər. Odur ki, məsələ universitetlərin öz üzərində qalır. Ancaq digər tərəfdən, günbəgün təhsil haqları artır. Bu vəsaitləri həmin istiqamətə yönəltsələr, problem aradan qaldırılar”.













