Quba rayonunda məktəbdə azyaşlıya qarşı uyğunsuz hərəkətlər edilib.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Zöhrab Əkbərov adına Xucbala kənd orta məktəbində baş verib. Məlumata görə, hadisəni törədən şəxs də məktəblidir.
Tam orta ümumtəhsil məktəbində məktəbliyə qarşı uyğunsuz davranış iddiası ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən NOCOMMENT.az-a verilən açıqlamada bildirilir ki, məsələ Quba-Xaçmaz Regional Təhsil İdarəsi və hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb:
“Hazırda iddia ilə bağlı araşdırma aparılır və hadisənin bütün təfərrüatlarının obyektiv şəkildə müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.
Araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş olunur”.
Məsələ ilə NOCOMMENT.az -ın sorğusuna Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən cavab verilib.
“Quba rayonunda azyaşlı uşağın yuxarı sinif şagirdi tərəfindən zorakılığa məruz qalması ilə bağlı məlumat yayılmışdır.
Məsələ aidiyyəti üzrə araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülmüşdür.
İlkin məlumatlara əsasən, qeyd olunan hadisə təxminən iki həftə əvvəl baş vermiş və hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırma aparılır.
Azyaşlının hüquq və mənafelərinin qorunması, təhlükəsizliyinin təmin edilməsi və psixoloji vəziyyətinin stabilləşdirilməsi məqsədilə Quba Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər həyata keçirilmiş, uşaq sosial dəstək tədbirlərinə cəlb edilmiş, təhsil aldığı müəssisədə yerdəyişmə ilə bağlı müraciəti qeydə alınmış və ona psixoloji yardım göstərilmişdir.
Bununla yanaşı, aidiyyəti qurumlar tərəfindən uşağın təhsil mühitində təhlükəsiz və sağlam psixoloji atmosferdə inkişafının təmin olunması, təkrar risklərin qarşısının alınması və profilaktik tədbirlərin gücləndirilməsi istiqamətində zəruri işlər davam etdirilir”, – məlumatda bildirilib.
Sara













