“İrana qarşı aqressiya onun tərəfindən nüvə silahının yaradılmasını stimullaşdıra bilər”.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.
Lavrov bildirib ki, İranın nüvə silahı hazırlamasına dair indiyədək heç bir sübut mövcud deyil və həm MAQATE-nin, həm də ABŞ-nin peşəkar kəşfiyyat orqanlarının təsdiqlərinə görə, Tehran nüvə silahı istehsal etməyə cəhd göstərməyib.
O qeyd edib ki, nüvə silahlarının yayılması ilə bağlı problemlərin nəzarətdən çıxması riski artır. Nazir həmçinin vurğulayıb ki, İranla bağlı ABŞ-yə qarşı BMT sanksiyalarının tətbiq olunacağı gözlənilmir, çünki heç kim Vaşinqtona qarşı belə addım atmağa cəsarət etməz.
Lavrovun sözlərinə görə, Uitkoff İranın uranı zənginləşdirmək niyyəti səbəbindən danışıqların iflasa uğradığını desə də, bu hüquq İran üçün ayrılmaz hesab olunur. Əgər Tehranın uranın zənginləşdirilməsindən imtina etməməsi ona qarşı aqressiyanın səbəbi olubsa, bu, ciddi suallar doğurur.
O əlavə edib ki, ABŞ və İsrailin bəyanatlarından belə çıxır ki, onlar lazım bildikləri qədər müharibə aparmağa hazırdırlar, lakin yekun məqsədlərinin nədən ibarət olduğu məlum deyil.
Nazir Ukrayna münaqişəsinə də toxunaraq bildirib ki, “yerlərdəki reallıqların” tanınması ərazi məsələsi deyil, həmin torpaqlarda yaşayan insanların mövqeyi ilə bağlıdır. Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Ukrayna münaqişəsində mövcud reallıqların nəzərə alınmalı olduğunu etiraf edib və Ankoricdə əldə olunan anlaşmalar ABŞ administrasiyası üçün qüvvədə qalır.
Lavrov Avropa ölkələrinin mövcud Kiyev hakimiyyətinə təhlükəsizlik zəmanətlərini nizamlanmanın əsas elementi kimi təqdim etdiyini deyib və iddia edib ki, Avropa İttifaqı ölkələri faktiki olaraq Ukraynada “nasistlərə” təhlükəsizlik zəmanətləri verilməsindən danışırlar.
O, Rusiya ilə ABŞ arasında müxtəlif səviyyələrdə və formatlarda dialoqun davam etdiyini vurğulayıb və Rusiya üçün “nasistləşdirilmiş və hərbiləşdirilmiş” Ukraynanın saxlanmasının qətiyyən qəbuledilməz olduğunu bəyan edib.
Aliyə
NOCOMMENT.az













