Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQbackend

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşayış binalarında mənzillərdən kabellər vasitəsilə elektrik enerjisi götürüb maşınların şarj edilməsi bu sahədəki çatışmazlıqla bərabər daha yeni problemə yol açdı: binaların elektrik enerjisində qısaqapanma və bunun nəticəsində yanğına səbəb oldu.

NOCOMMENT.az xəbər verir ki, artıq mütəxəssislər irəli sürən bu iddiaları təsdiqlədilər: elektromobillərin hündürmərtəbəli yaşayış evlərindən uzadılan naqillərlı şarj edilməsi yanğına səbəb olur.

Martın 17-də Xətai rayonu Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində baş vermiş yanğının da elektrik avtomobillərinin binadakı elektrik cərəyanına qoşulması ilə baş verdiyi bildirilir.

Belə olduğu halda bu yanğına səbəb olan, öz cibini güdməklə başqasına ziyan verən elektrik avtomobillərinin sahibləri cəzalandırılmalı, yaxud kompensasiya ödəməlidir.

Qanunlar bununla bağlı nə deyir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Elmin Mahmudov bildirir ki, mövcud yanaşma hüquqi baxımdan birtərəfli inzibati nəzarət mexanizmi üzərində qurulub və texnoloji inkişafın reallıqları ilə tam uzlaşmır.

“Bir vətəndaşın öz mülkiyyətində olan avtomobil üçün yaşadığı binada və ya ona məxsus qarajda elektrik enerjisindən istifadə etməsi prinsip etibarilə qadağan edilə bilməz. Əgər bu istifadə binanın ümumi təhlükəsizliyinə, elektrik şəbəkəsinin dayanıqlığına zərər vurmursa və istehlak olunan enerji düzgün uçota alınırsa, əlavə rüsumlar və faktiki olaraq yeni bir “mini-istehsalçı” kimi yanaşma hüquqi baxımdan mübahisəlidir”.

Hüquqşünasın fikrincə, qanunvericilikdə fərdi istifadə ilə kommersiya fəaliyyəti arasında aydın fərq qoyulmalıdır:

“Yəni bir şəxs öz həyatında, öz avtomobilini şarj etmək üçün enerjidoldurma cihazı quraşdırırsa, bu, xidmət göstərilməsi və ya gəlir əldə edilməsi kimi qiymətləndirilməməlidir.

Əslində isə mövcud mexanizm vətəndaşı əlavə texniki şərtlər, rüsumlar və bürokratik prosedurlarla üz-üzə qoyaraq elektrikli avtomobildən istifadənin cazibədarlığını azaldır.

Düzgün yanaşma fərdi enerjidoldurma cihazları üçün sadələşdirilmiş icazə mexanizminin tətbiqi, mövcud mənzil sayğacları üzərindən ayrıca uçot imkanlarının yaradılması və ya aşağı güclü şarj cihazları üçün xüsusi normativlərin müəyyən edilməsidir”.

“Hazırda qüvvədə olan qaydalara görə, vətəndaş öz elektrik avtomobilini istənilən yerdə və istənilən formada şarj edə bilməz və bunun üçün mütləq “Azərişıq”dan texniki şərt almalı, ayrıca sayğac quraşdırmalı və əlavə ödənişlər etməlidir. Halbuki texnoloji və ekoloji baxımdan elektrikli nəqliyyatın təşviq edilməli olduğu bir dövrdə bu sahədə daha çevik, fərdi istifadəni nəzərə alan və hüquqi balansı qoruyan yanaşmanın formalaşdırılması zərurəti açıq şəkildə ortaya çıxır” , – deyə Elmin Mahmudov qeyd edib.