Dünya siyasətinin diqqət mərkəzi yenidən Yaxın Şərqə, xüsusilə strateji əhəmiyyətli Hörmüz boğazı ətrafında yaranmış gərginliyə yönəlib. Bəhreyn Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran tərəfindən bağlanan bu mühüm su yolunun yenidən açılması üçün BMT Təhlükəsizlik Şurasına etdiyi şok müraciət regionda hərbi qarşıdurma riskini pik həddə çatdırıb.
“The Wall Street Journal” nəşrinin də qeyd etdiyi kimi, bu addım bölgədəki enerji blokadasını yarmaq üçün son diplomatik cəhd xarakteri daşıyır. Bu diplomatik marafon Donald Trampın İrana verdiyi və bu gün bitəcək ultimatumla eyni vaxta təsadüf edir ki, bu da rəsmi Tehran üzərindəki beynəlxalq təzyiqin həm siyasi, həm də hərbi müstəvidə sinxronlaşdırıldığını göstərir.
Məsələ ilə bağlı siyasi ekspert Elçin Xalidbəyli NOCOMMENT.az-a bildirib ki, Bəhreyn və BƏƏ-nin bu müraciəti boğazın açılmaması təqdirdə atılacaq hərbi addımlara beynəlxalq legitimlik qazandırmaq məqsədi daşıyır: “Hörmüz boğazı dünya neft ticarətinin şah damarıdır və onun qapadılması Körfəz ölkələrinin iqtisadiyyatına ağır zərbə vurur. ABŞ və müttəfiqləri tərəfindən dəstəklənən ilkin qətnamə layihəsində birbaşa hərbi müdaxiləyə icazə verən kəskin ifadələr yer alsa da, Rusiya, Çin və Fransanın müqaviməti nəticəsində bu formullar danışıqlar zamanı yumşaldılıb. Lakin bu müraciətin özü artıq diplomatik yolların tükənmək üzrə olduğundan xəbər verir”.
Ekspertin sözlərinə görə, hazırda BMT Təhlükəsizlik Şurasında sənədin son variantı üzərində gedən gərgin müzakirələr bölgənin gələcək taleyini müəyyən edəcək əsas addımdır: “Moskva və Pekinin hərbi ssenarilərə qarşı çıxması qətnamənin mətnini dəyişdirsə də, naviqasiya azadlığının bərpası tələbi dəyişməz qalır. Bəhreyn və BƏƏ-nin müraciəti göstərir ki, artıq sözün bitdiyi yerə gəlinib. Əgər Təhlükəsizlik Şurasından çıxan qərar İranı geri addım atmağa məcbur etməsə, beynəlxalq koalisiya hərbi müdaxilə üçün lazımi hüquqi zəmini bu müraciət vasitəsilə artıq təmin etmiş olur”.
Elçin Xalidbəyli qeyd edib ki, bu diplomatik gedişat həm də dünya enerji bazarının təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edir: “Heç bir böyük güc neft ixracının faktiki olaraq dayanması ilə barışmaq niyyətində deyil. Hazırda Təhlükəsizlik Şurasında gedən müzakirələr əslində böyük bir tufan öncəsi son xəbərdarlıqdır. Bəhreyn və BƏƏ-nin bu addımı həm də onu göstərir ki, Körfəz dövlətləri artıq gözləmə mövqeyindən çıxıblar və öz milli təhlükəsizliklərini qorumaq üçün hər bir varianta, o cümlədən hərbi ssenariyə hazırdırlar”.
Tunar,
NOCOMMENT.az









