ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə illərdir davam edən və son aylarda regionu qan gölünə çevirən münaqişələrin həlli istiqamətində növbəti iddialı addımını atıb. Ağ Ev rəhbəri İsrail və Livanın rəsmi olaraq 10 günlük müvəqqəti atəşkəs barədə razılığa gəldiyini elan edərək, bunu özünün “10-cu müharibəni dayandırma” missiyası kimi qələmə verib.
NOCOMMENT.az xəbər verir ki, bu razılaşma həm İsrail Baş naziri Benyamin Netanyahu, həm də Livan Prezidenti Jozef Aun ilə aparılan gərgin diplomatik trafikin nəticəsidir. Tramp bu liderlərlə söhbətini “tarixi və səmərəli” adlandıraraq, tərəflərin Aprelin 17-si, Bakı vaxtı ilə saat 01:00-dan etibarən bütün hərbi əməliyyatları dayandıracaqlarını bəyan edib. Bu 10 günlük müddət sadəcə silahların susması deyil, həm də Vaşinqtonun vasitəçiliyi ilə daimi sülh sazişinin imzalanması üçün “nəfəs dəriliyi” rolunu oynayacaq.
Xüsusilə qeyd edilməlidir ki, Tramp bu prosesin idarə edilməsini vitse-prezident C.D. Vens və dövlət katibi Marko Rubio kimi ən yaxın komandasına həvalə edib. Onlar İsrail və Livan tərəfi ilə birbaşa təmasda olaraq Hizbullahın tərksilah edilməsi və Livanın cənubunda stabil təhlükəsizlik zonasının yaradılması kimi strateji hədəflər üzərində işləyəcəklər.
Prezident Trampın bu bəyanatı Yaxın Şərqdəki ümumi hərbi mənzərəni tamamilə dəyişə bilər. ABŞ-ın Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadası və İrana qarşı davam edən “polad halqa” əməliyyatları fonunda Livan cəbhəsində atəşkəsin əldə olunması rəsmi Tehranın bölgədəki hərbi təsir rıçaqlarını zəiflətmək məqsədi daşıyır.
Beynəlxalq analitiklər Trampın “9 müharibəni həll etmişəm, bu 10-cu olacaq” ifadəsini onun noyabr seçkilərindən sonra formalaşdırdığı “Məğlubedilməz Sülh Yaradıcısı” imicinin bir parçası hesab edirlər. Lakin sahədəki reallıq hələ də kövrəkdir; belə ki, atəşkəs qərarından cəmi bir neçə saat əvvəl İsrail ordusunun Bint-Cbeyl istiqamətində hərbi təzyiqi artırması, tərəflərin sülh masasında hansı şərtlərlə oturacağı ilə bağlı suallar doğurur.
Bu 10 günlük sınaq müddəti təkcə iki ölkənin deyil, həm də yeni ABŞ administrasiyasının xarici siyasət kursunun və Yaxın Şərqdəki real nüfuzunun əsl imtahanı olacaq.
Sara,
NOCOMMENT.az










