Rusiya dövlət sərhədindən keçid zamanı təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi və şəxsi elektron cihazların yoxlanılması ilə bağlı yeni hüquqi prosedur artıq rəsmi şəkildə tətbiq olunmağa başlayıb.
NOCOMMENT.az xəbər verir ki, Rusiya sərhədçiləri dövlət təhlükəsizliyini təmin etmək məqsədilə ölkəyə daxil olan və ya ölkəni tərk edən şəxslərin mobil telefonlarını, noutbuklarını və digər rəqəmsal daşıyıcılarını yoxlamaq üçün geniş səlahiyyətlər əldə ediblər. Yeni qaydalara əsasən, sərhəd xidməti əməkdaşları cihazın kilidini açmağı və daxilindəki məlumatları — mesajları, fotoşəkilləri, sosial şəbəkə hesablarını və digər rəqəmsal izləri təqdim etməyi tələb edə bilərlər.
Bu prosedur artıq sadəcə tövsiyə xarakteri daşımır və sərhədçinin qanuni tələbinə tabe olmaqdan imtina edən şəxsləri ciddi inzibati sanksiyalar gözləyir. Mövcud qanunvericiliyə görə, cihazı təqdim etməyən və ya şifrəni daxil etməkdən boyun qaçıran şəxslər 5 min rubldan 7 min rubla qədər pul cəriməsi və ya 15 sutkayadək inzibati həbs cəzası ilə üzləşə bilərlər.
Xüsusilə xarici vətəndaşlar üçün bu tələbə əməl etməmək daha ağır nəticələrə — dərhal deportasiya edilməyə və Rusiyaya girişin qeyri-müəyyən müddətə qadağan olunmasına yol açır. Ekspertlər bu addımı ölkə ərazisinə daxil ola biləcək potensial təhlükələrin, qanunsuz fəaliyyətlərin və ya şübhəli əlaqələrin rəqəmsal müstəvidə qarşısını almaq cəhdi kimi qiymətləndirirlər. Sərhədi keçən şəxslərə xatırladılır ki, cihazın yoxlanılmasına icazə verməmək artıq birbaşa şübhəli şəxs statusu almaq deməkdir və bu, sərhəd nəzarət məntəqələrində rəqəmsal şəffaflığın məcburi hala gəldiyini sübut edir.
Sara,
NOCOMMENT.az









