Türkiyənin Tunceli şəhərində 2020-ci ildə itkin düşən və indiyədək aparılan axtarışlara baxmayaraq heç bir nəticə əldə olunmayan universitet tələbəsi Gülüstan Doku ilə bağlı işin “cinayət ehtimalı” çərçivəsində yenidən gündəmə gəlməsi geniş ictimai maraq doğurub.
Bu cinayətlə bağlı istintaq illər sonra yenidən gündəmə gəlib. O, uzun müddət itkin düşən şəxs kimi axtarılıb. Son aylarda isə yeni ifadələr alınıb, gizli şahidlər dindirilib, genişmiqyaslı əməliyyatlar aparılıb və bütün bunların nəticəsində tələbənin hansısa cinayətin qurbanı olması ehtimalı artıb. İndi müstəntiqlərin diqqəti əsas bu istiqamətə yönəlib.
Niyə “itkin” kimi qeydə alındı?
Gülüstan Doku 2020-ci il yanvarın 5-də Tuncelidə qaldığı tələbə yataqxanasından çıxıb və bir daha geri qayıtmayıb. Son dəfə onun çeçenəsilli keçmiş sevgilisi Zaynal Abakarov ilə görüşdüyü, daha sonra isə şəhər istiqamətində hərəkət etdiyi müəyyənləşib. İlk mərhələdə Gülüstanın özünü Sarı Saltuk yüksək yol keçidindən suya ataraq intihar etdiyi ehtimalı üzərində dayanılıb. Lakin uzun müddət aparılan axtarışlarda bununla bağlı heç bir iz tapılmayıb.
Hadisənin ilk günlərində konkret sübutların olmaması və yalnız telefon siqnallarına əsaslanan məlumatlar səbəbindən G.Doku itkin düşən şəxs kimi qeydə alınıb və cinayət işi də bu maddə ilə açılıb. Daha sonra ortaya çıxan yeni ifadələr və texniki analizlər istintaqın istiqamətini dəyişdirib.

Xəstəxana qeydiyyatı və dəlillərin silinməsi iddiaları
Bəzi media orqanlarında G.Dokunun itkin düşməsindən əvvəl Tunceli Dövlət Xəstəxanası sistemində onunla bağlı giriş qeydiyyatının olduğu, lakin bu məlumatların sonradan sistemdən silindiyi iddiaları öz əksini tapıb. Xəstəxananın baş həkimi Çağdaş Özdemirin həbs olunması bu iddiaların həqiqət payını artırıb.
Gizli şahidin ifadəsindən başlanan həqiqət
Cinayət işinin materiallarında “Şubat” kod adlı gizli şahidin ifadəsində bir sıra ciddi iddialar irəli sürülür. Şahidin sözlərinə görə, gənclər arasında narkotik maddələrin istifadə edildiyi “partilər”dən birində həmin dövrdə Tunceli valisi olmuş Tuncay Sonelin oğlu Mustafa Türkay Sonel tərəfindən Gülüstan Dokuya təcavüz edilib və bunun nəticəsində gənc qız hamilə qalıb.
Eyni ifadədə iddia olunur ki, Gülüstan itkin düşməzdən bir gün əvvəl işlədiyi kafedə Mustafa Türkay Sonel tərəfindən təhdid edilib.
Şahid həmçinin bildirir ki, hadisə zamanı Gülüstan Doku qorxu içində keçmiş sevgilisi Zaynal Abakarovla əlaqə saxlayaraq vəziyyəti ona danışıb.

Vali və yaxın çevrəsi ilə bağlı iddialar
O dövrdə Tunceli valisi vəzifəsində çalışan Tuncay Sonel və onun oğlu Mustafa Türkay Sonel haqqında mətbuatda ciddi iddialar yer alıb. Bu iddialara əsasən, vali Sonel təsir imkanlarından sui-istifadə edərək dəlil gizlətmə, telefon və kamera məlumatlarının silinməsinə nail olub.

700 saatlıq görüntü və yeni araşdırma
Gülüstan Dokunun itkin düşməsindən 6 il sonra aparılan yeni əməliyyatlarda 10-dan çox şəxs tutulub. Bunlar arasında keçmiş sevgili Zaynal Abakarov, telefon və kamera məlumatlarının silinməsini təşkil edən polis əməkdaşları, və digərləri var.
İstintaq çərçivəsində şəhərdəki təhlükəsizlik kameralarından götürülmüş təxminən 700 saatlıq görüntü yenidən analiz edilir. Həmçinin GPS və telefon siqnalları da araşdırılır./yenisabah/










