Belarusun tanınmış şirkətinin istehsal etdiyi kəsmiyin tərkibində təhlükəli maddə aşkarlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən (“Rosselxoznadzor”) məlumat verilib.
Məlumata görə, məşhur “Savuşkin produkt” və “Smoleviçi moloko” kəsmiklərində təhlükəli maddə tapılıb.
“Bu maddə qaraciyəri zədələməklə yanaşı, allergiya, mədə-bağırsaq traktı problemlərinə, hətta hamilə qadınlarda dölün malformasiyasına (hamiləlik zamanı dölün malformasiyaları (anadangəlmə qüsurlar) dölün inkişafı dövründə orqan və sistemlərin strukturunda yaranan pozuntulardır. Bu qüsurlar yüngül formadan həyatla bir araya sığmayan ağır formalara qədər dəyişə bilər – red.) səbəb ola bilər”, – deyə məlumatda bildirilib.
“Rosselxoznadzor”un apardığı yoxlamaya əsasən, məhsulun tərkibində aşkarlanan maddə albendazol sulfondur ki, bu da inəklərin müalicəsində istifadə edilən qurd əleyhinə dərmanların parçalanma məhsuludur.
Heyvanları bu dərmanla müalicə etmək mümkündür, lakin preparatın heyvanın orqanizmindən tamamilə xaric olmasını gözləmək lazımdır. Əgər bu müddətə əməl olunmazsa, təhlükəli kimyəvi maddələr südə qarışacaq və hətta kəsmik emal edildikdən sonra belə orada qalacaq. Bu da insanlar üçün təhlükəlidir, belə ki, nəticədə mədə-bağırsaq traktı, qaraciyər və qan dövranı sistemi problemləri və allergiyaya gətirib çıxara bilər.
“Savuşkin produkt” və “Smoleviçi moloko” (“Servolyuks” və “Santa” şirkətlərinin qrupları) istehsal şirkətləri gücləndirilmiş laboratoriya nəzarəti altına alınıb. Belarus Baytarlıq Xidmətindən tədbir görməsi istənilib. /oxu.az/










